
“Bu, bizim üçün olduqca kritik qalibiyyət idi” - Rəşad Sadıqov
- 25 Avq 2025 22:24
- 34
“Zirə” Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“İlk turda ən parlaq oyun nümayiş etdirən komandaya qarşı oynayırdıq. “Qəbələ” “Karvan”la matçda çoxsaylı qol epizodları yaratmışdı. Komandanın gücünün və istəyinin necə olacağını bilirdik. Uzun fasilədən sonra Premyer Liqada ilk ev oyunları idi. Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. “Qəbələ” hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub, qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur. Dörd gün sonra “Kəpəz”lə vacib matçımız var. Tez bərpa olub, həmin oyuna köklənməliyik”.
Sadıqov, “klubun büdcəsində dəyişiklik olubmu” sualına da cavab verib:
“Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil. Büdcəyə uyğun təhlillər aparıb işlərimizi qururuq. Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək”.