
"Bu, Azərbaycan futbolu deyil, sırf mənim getdiyim yoldu" - MÜSAHİBƏ
- 12:00
- 64
I Liqanın ilk turunda evdə "Mingəçevir"i 2:0 hesabı ilə məğlub edən "Səbail"in baş məşqçisi Elvin Məmmədov Rekord.az-a müsahibə verib:
- Mövsümə qələbə ilə başladınız. Öncə oyunla bağlı fikirləriniz...
- Bilirdik ki, çətin oyun olacaq. Çünki Ramiz müəllimin ("Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov) komandaları hər zaman əzmkar olur. Özü də xarakterni futbolçu olub, məşqçi kimi də xarakterlidir. İlk oyun üçün alınmayan məqamlar oldu, amma şükürlər olsun ki, yekunda 3 xal bizim oldu.
- Komandanızın göstərdiyi oyun nə dərəcədə sizi razı saldı, tam olaraq istədiyiniz komandanı görmək üçün sizə nə qədər zaman lazımdır?
- Təbii ki, hər şeyin ideal olduğunu demək olmaz, çatışmayan cəhətlər var, onların üzərində işləməliyik. Bu mənada hələ bir müddət zamana ehtiyacımız var.
- Bilirik ki, hədəfiniz Premyer Liqaya vəsiqə qazanmaqdı. Bu baxımdan rəqibləriniz var. Onlardan biri olan "Mİngəçevir"in gücünü gördünüz. Digər komandalar haqda nə deyə bilərsiniz?
- İnanın ki, fərq qoymuruq. Bizim üçün hər bir komanda ciddi rəqibdi.
- Siz Premyer Liqada da işləyəndə görürdük ki, qapıçı topu oyuna daxil edəndə irəli vurmur, arxadan pasla başlayırdı. Fikir verdik ki, bu gün də eyni taktikadan istifadə etdiniz. Hansı ki, I Liqada bu cür şeylər çətin olur arada səviyyə, ustalıq fərqi var...
- Bir az böyük çıxmasın, Azərbaycan futbolunda bunu ilk mən etmişəm. Yəni bu, Azərbaycan futbolu deyil, bu, slrf mənim getdiyim yoldu. Demirəm ki, bu yol düz yoldu. Çətinliklər də olacaq. Amma biz yolumuzdan dönmək fikirində deyilik.
- Heyətinizə fikir versək, 80 faizi Premyer Liqa təcrübəsi keçmiş futbolçulardı. Əksəriyyəti də tanınan futbolçulardı. Məlum məsələdir ki, I Liqada düşəndən sonra büdcəniz də azaldı. Üstəlik ASCO-nun sponsorluğunun davam edib-etməyəcəyi də sual altındadır. Belə vəziyyətdə bu futbolçuları hansı stimul hesabına bura yığa bilmisiniz?
- Ən birincisi ondan başlayım ki, bura gəldiyim ilk gündən rəhbərlik mənə dəstək olub. Zamiq müəllim, Firuz müəllim, Rəşad müəllim, həmçinin mən özüm, köməkçilərim Elhad Nəziri, Vüqar Bəybalayev birlikdə buna nail olmuşuq. Ad çəkməyəcəm, elə futbolçular var ki, sırf bizə görə "Səbail"ə gəlməyə razı olub. Məqsədimiz də birlikdə Premyer Liqaya vəsiqə qazanmaqdı.
- Yəni pul önəmli rol oynamayıb?
- Həqiqətən də elə şeylər var ki, orda pul önəmli rol oynamır.
- İranlı yeni futbolçunuzu heyətdə görmədik...
- Komandaya yeni qoşulub, hələ tam hazır deyil. İnşAllah hazır olandan sonra ona da şans verəcəyik.
Anar XANLAROV