“Böyük komanda olmaq üçün bu sınaqlardan keçməliyik” – Dambrauskas
- 19 Sen 2026 23:20
- 30
Misli Premyer Liqasının 6-cı turunda evdə “İmişli”yə 3:1 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Milli fasilədən sonra sizi “Neftçi” ilə çətin oyun gözləyir, həmçinin bir neçə futbolçunuz millilərə dəvət alıb. Bu periodu necə keçirməyi və şəxsən özünüz necə istirahət etməyi planlaşdırırsınız?
– Milli komandalara yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir və ümid edirəm ki, zədəsiz dönəcəklər. Heyətdə qalan oyunçularla işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftəlik istirahət vermişəm. Qayıtdıqdan sonra addım-addım, oyundan-oyuna prinsipi ilə çempionatın ikinci hissəsinə hazırlaşacağıq. Şəxsi planlarıma gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bəzi bölgələrini gəzmək, yeni yerlər görmək və dincəlmək istəyirəm. Çünki 3 ay əvvəl işə başladığımızdan bəri xüsusilə Çempionlar Liqasının təsnifat mərhələləri və mövsümün startı çox gərgin keçdi. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, tam bal verərdim. Yalnız “Mançester Yunayted”lə oyunda bir az da yaxşı çıxış edə bilərdik.
– Azərbaycanda konkret hansı bölgəyə səyahət edəcəyinizi planlaşdırmısınız?
– Bəli, planlaşdırmışam və artıq mehmanxanada yer rezervasiya etmişəm. Lakin hara gedəcəyimi sizə deməyəcəyəm.
– Milli fasilədən sonra oktyabrın 9-da “Neftçi” ilə vacib matçınız, ardınca isə Çempionlar Liqasında Praqa “Slaviya”sı ilə qarşılaşmanız var. Fasilə dönəmində paralel olaraq həmin rəqibi də analiz edəcəksiniz?
– Bəli, təkcə onlar deyil. Sıralamaya baxsaq, əvvəlcə “Neftçi”, sonra “Slaviya”, “Qəbələ”, ardından Dortmund “Borussiya”sı və “Qarabağ”la oynayacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Əgər orada mübarizə aparırsınızsa, bu gərginliyə tab gətirməlisiniz. Böyük komandaya çevrilmək və bu sınaqları qəbul etmək istəyiriksə, belə maneələri aşaraq inkişaf etməliyik. (Futbolpress)