
“Böyük hesablı qələbəyə görə sevinirik” - Ayxan Abbasov
- 19:36
- 43
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 4-cü turunda “Karvan-Yevlax”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov onlar üçün önəmli oyun olduğunu bildirib:
“Bizim üçün önəmli oyun idi. Evdəki ilk oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirə bilməmişdik. Qol vurduqdan sonra oyuna nəzarəti ələ keçirdik. Premyer Liqada bu mövsüm ilk qələbəmizi qazandıq.
İkinci hissədə gəncləri oyuna buraxdıq. Bu da sevindirici haldır. Bundan ən çox qazanan milli komanda olacaq.
Gələn oyunlara hazırlaşacağıq. Çempionat daha da sərtləşir. İnanıram ki, qarşıdakı oyunlarda çıxış etmək üçün gücümüz çatacaq. Böyük hesablı qələbəyə görə sevinirik. Keçən ildən burdayıq. Komanda artıq formalaşır.
Bu dəqiqə mənim fikrim, U-21-lə çətin oyunumuz var, ordadır. Həmçinin, “Şamaxı”nın baş məşqçisiyəm. Məndən əsas millidə bir oyunluq kömək istəmişdilər, mən də canla-başla əlimdən gələni etdim. Amma bu gün əsas milli ilə bağlı hansısa qərar verilməyib. Millinin oyunçularında potensial var, amma bu gün danışsaq ki, qrupdan çıxa bilərik, bu, reallıqdan uzaq olar. Səmimi deyirəm ki, mən bu dəqiqə o dərəcədə köklənməmişəm. Millidə tək mən yox, hansısa məşqçiyə inam olmasa, nəticə olmayacaq. Bir gün yarım ərzində köməkçilərimlə təhlillər apardıq, yeni futbolçular dəvət etdik. Futbolçular istəklidir, onlara, məşqçilərə inanmaq lazımdır. Gələcəkdə necə olacaq, bunu mən deyə bilmərəm. Amma yenə deyirəm, təklif olarsa, uzun müzakirələr aparmalıyıq”.