Premyer Liqada çempionluğa yaxın olan “Qarabağ” Çempionlar Liqasında uğurlu çıxış üçün bir neçə güclü transfer reallaşdırmağı planlaşdırır.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin maraq dairəsində olan oyunçuların bəziləri “böyük beşlik” ölkələrində çıxış edir.

Baş məşqçi Qurban Qurbanov, xüsusən də, mərkəz hücumçusu mövqeyindəki boşluğun doldurulmasını istəyir. “Qarabağ” qol yollarındakı sıxıntını Fransa Liqa1-dəki hücumçu ilə həll edə bilər. Bu, “Bordo”nun seneqallı oyunçusu Mbaye Nyanqdır. Ancaq 28 yaşlı forvardın Azərbaycana gəlməsi təkcə “Qarabağ”ın təklifindən asılı deyil.

Transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilən Seneqal millisinin üzvünün “Bordo” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olsa da, o, yayda azad agent statusuna malik ola bilər. Bunun üçün bordolular Liqa2-yə yuvarlanmalıdır. Komanda 31 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır. Elitada qalmaq mümkün olmasa, Nyanq ötən ilin yayında keçdiyi klubu tərk edəcək. Bu da “Qarabağ”ın transfer ümidini artıracaq. Ağdamlılar Çempionlar Liqasında iştirakın oyunçu üçün cəlbedici olacağına inanır.

Qeyd edək ki, “Kan”ın yetirməsi olan Mbaye Nyanq karyerası ərzində “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn” və “Əl-Əhli”nin də formasını geyinib. (apasport.az)