Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun İdarə Heyətinin iclası keçirilib. Rekord.az xəbər verir ki, tədbirdə ABF-nin strukturu müzakirə edilərək təsdiq edilib.

Federasiya prezidenti yaradılacaq yeni departamentlərlə bağlı ətraflı məlumat verib. O, idarəetmənin təkmilləşdirilməsi ilə müxtəlif yaş qrupları üzrə milli komandalarımızın beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil edəcəyinə əminliyini ifadə edib. Sahil Babayev qeyd edib ki, regionlarda nümayəndəliklərin açılması prosesinə tezliklə start veriləcək, ardınca diqqət rayon və şəhərlərimizdə boks bölmələrinin fəaliyyətə başlamasına yönələcək.

Hazırda Boks Mərkəzində təlim-məşq toplanışında olan 22 yaşadək boksçularımızın Avropa çempionatına hazırlığı ilə bağlı müzakirələr aparılıb. Yığmamızın Xorvatiyanın Poreç şəhərində keçiriləcək yarışda uğurlu çıxışı üçün maksimum səylərin göstəriləcəyi qeyd olunub.

İdarə Heyətinin üzvləri martın 11-24-də təşkil olunacaq U-22-lər arasında Avropa çempionatına hazırlığın plan üzrə getdiyini və boksçularımızın yarışda ölkəmizin idman şərəfini layiqincə qoruyacağını deyiblər.