Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan üçün möhtəşəm alındı. 4 qızıl, 1 gümüş və 2 bürünc və komanda hesabında birincilik, Murad Fətiyevin ikiqat olimpiya çempionu Laşa Bekaurini, Kənan Nəsibovun isə olimpiya və dünya mükafatçısı Alişer Yusupovu məğlub etməsi. Demək olar hər şey ideal alındı. Niyə demək olar, tam yox? Uğura kölgə salırıq, yoxsa uğur özü ilə kölgə daşıdı? Buna izah verək. 


Sovet dövründə ərsəyə gətirilmiş kult əsərlərdən olan “Ulduz” filmində belə bir epizod var. Ulduz adlı qızdan “yox” cavabı alan Qədir guya onun atasının adını xatırlamağa çətinlik çəkir. Bu zaman isə kinayəli söz yeyir: “Noldu? Qızına elçi gedəndə Əlişə atam deyirdin...” 


Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri bitməmiş bu idman növünə könül bağlayanları üzəcək məlumat yayıldı. Aydın oldu ki, Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Bildirilib ki, idmançı tatamiyə çıxmayacaq. Buna səbəb isə H.Heydərovun çəkisini sala bilməməsidir.

O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.


Fedeasiyaların idmançılara daxili intizam qaydalarını pozduğuna cəzalar verməsi normal haldır. Amma bu o haldan deyil. 


Cüdo federasiyasının Rəşad Nəbiyevin başçılığı altında yeni rəhbərliyi elə son yarış daxili artıq tarixi nəticələrə imza atıb. 

Ölkədə cüdo yeni simaya bürünüb. Cüdo tariximizin hiss olunan ən böyük büdcəsi qarşılığında ən böyük işlər görülüb və bunu danmaq qərəz görünər. Bunu isə rekord.az olaraq heç vaxt etməmişik, etmərik də. 


İndiki məqamda isə müzakirə mövzusu olimpiya çempionudur. Necə ki, tarixi nəticə - 2 olimpiya qızılı qazanıldığı zaman hər kəs kimi biz də federasiya prezidenti Rəşad Nəbiyev, icraçı vitse-prezident Rəşad Rəsullu, idmançıya təhkim olunmuş olimpiya çempionu Elnur Məmmədli və ümumiyyətlə məşqçilər və əməkdaş korpusu haqda ürəkdolusu danışırdıq və haqlarını verirdiksə, indi də yəqin ki, soruşmaq, analiz etmək haqqımız var. 


Bu federasiya hər kəsə “biz tarixin ən yaxşısı olacağıq” mesajını verib gözləntiləri ən yüksəyə qaldırıb ki, bunlardan da biri ikiqat olimpiya çempionluğudur. 


Kim nə deyir-desin bu gözlənti bir nəfərə - Hidayət Heydərova bağlıdır. Hətta Zelim bunu etsə belə o yarımçıqlığı hiss edəcəksiniz. 


“Neftçi”nin baş məşqçisi, Azərbaycan futbol tarixində klubu ilk dəfə Avropa liqasının qrup mərhələsinə çıxarmış, rəhmətlik Böyükağa Hacıyev həmişə deyərdi ki, “qələbənin atası çox olar, məğlubiyyət yetimdi”. 


Federasiyanın indiki qərarı nə qədər kobud səslənsə də, elə belə görünür. 


Yığma komandaya əcnəbi mütəxəssislər cəlb olunub, köməkçiləri ən yaxşılardırsa, zal mükəmməldirsə, həkim, dietoloq, fizioterapevt varsa, bu adamların əllərində gəzdirməli olduqları biri necə olur ki, çəkisini tənzimləyə bilmir? 


Bir ara AFFA-nın sabiq baş katibi Elxan Məmmədov açıqlamışdı ki, ölkədə 150 mindən çox futbolçu var. Az qala hər kəs gülürdü. İndi də cüdo federasiyasının rəhbərliyi az qala hər çıxışında cüdoçu sayında rekord qırmağa çalışdıqlarını bildirirlər. Kəmiyyət, yoxsa keyfiyyət? O uşaqların nümunə götürməyə çalışacaqları ilk adam kim olmalıdır? 

Hidayət Heydərovun olimpiadadan sonra az qala hər yarışda çətinlik yox, açıq-aydın zülm çəkdiyini görmək çox çətin idimi? 


Bu qədər lüks şərait halında intizamsızlığa görə cəza niyə ancaq idmançıya verilir? Bu komandanın məşqçilər korpusu, performans direktoru, qidalanmaya nəzarət edən şəxslərindən niyə hesabat tələb olunmur? Əgər bu barədə xəbər verilmişdisə və bu təhlükə var idisə, olimpiya çempionunu Daşkəndə aparıb ölkəni gülünc vəziyyətə salmaq nəyə lazımdır? 


Digər bir məsələ də var. Elnur Məmmədli məşqçi kimi Hidayət Heydərova təhkim olunanda bunun müsbət nəticəsini gözləyənlərin hamısı haqlı çıxdı. Doğrudan da nəticəyə ac və hər gün gözünün önündə olimpiya çempionu görən adamla bağlı proqnozlar özünü doğrultdu. Bir az da lağ-lağaya oxşayacaq, amma deyəsən federasiya Məmmədlinin əfsanə olandan sonrakı mərhələsini gizlətməyə çalışsa da, bacarmayıb. 


Bilməyənlərə xatırladaq ki, Məmmədli Pekin olimpiadasında 73 kq çəkidə çıxış üçün 12 kiloqrama yaxın çəki saldığını bildirmişdi. Çempion olandan sonra isə çəki o qədər yüksək sürətlə qalxmışdı ki, olimpiya çempionu artıq 81 kq-a bu qədər çəki salırdı. Görünən odur ki, Məmmədli də Hidayətə çəki barəsində məsləhət verəndə faktlarla qarşılaşdığına görə çox dərinə gedə bilmir. 


Ən əsası Hidayət lider olsa da, təhlükəli bir səddə çatıb. Növbəti olimpiadaya vaxt az qalıb. Bir zamanlar çıxış etdiyi 81 kq isə elə yığmamızın özündə belə artıq rəqabətin pikinə qalxıb. Bir nömrə ən yüksək formasında olan Zelim Çkayev, iki nömrə isə elə Daşkənd “Böyük Dəbilqə”sinin qalibi Ömər Rəcəblidir. 


Artıq hər kəs iki qat olimpiya çempionu görməyəcəyimizlə demək olar barışıb. Daha doğrusu, intizam qaydalarını pozduqlarına görə arzularına müvafiq tədbirlər görüb.


Mirzə Süleymanlı