"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə cavab matçından sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

"Hər şey göz qabağında idi. Layiq olan komanda qalib gəldi. Rəqib həm yaxşı oynadı, həm də xarakter göstərdi. "Zirə" hazırda yüksəliş dövründədir. Belə komanda yaratdığı üçün Rəşad Sadıqovu təbrik edirəm. Öz vəziyyətimizə isə təəssüflənirəm. Belə durumda olmağımız əzabvericidir. Amma fakt faktlığında qalır. Görək nə baş verir. Mövsümün sonunu gözləyək. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdır. Klubun bu vəziyyətdə olması həm bizi, həm də sizi məyus edir. Komanda sonuncu yerdədir, kubokda mübarizəni dayandırdı. Vəziyyət çətindir. Amma mənim həmişə devizim belə olub ki, komanda hansı vəziyyətdə olsa da, müqavilə şərtlərinə əməl etməlisən. Futbolçular da peşəkar olduqları üçün öz işlərini sona kimi görməlidir”.