"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə barədə bunları söyləyib:


“Hər iki komanda üçün nəticə önəmli idi. "Neftçi" də qalib gəlməmişdi, biz də son oyunda istəmədiyimiz nəticə ilə üzləşmişdik. Daha çox əks-hücumlar oldu. Birinci hissədə çox səhv buraxdıq. Mövsüm ərzində edə biləcəyimiz səhvləri etdik. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol şansı oldu. Oyunun nəticəsi ədalətli idi.


Mən gəlməmişdən qabaq hara gəldiyimi dərk edirdim. Burada çempionatın gərgin olduğunu bilirdim, çempionatı izləyirdim. Çünki bəzi oyunçularım var idi ki, burada çıxış edirdilər. 4 xal bizim üçün gözləmədiyimiz hal idi. Amma bu, mövsümün başlanğıcında normal ola bilər. Bəhanələr gətirmək istəmirəm. Çox inkişaf etməliyik. Bu gün önəmli oyunçularımızdan Jesse Sekidika, Zinedin Uld Xaled, İqor Noqeyra yox idi. Bu mövsümboyu da baş verəcək, zədəlilər olacaq. Andrey Souza bu gün debüt etdi, Tellur Mütəllimov uzun müddətdən sonra oynadı. Qığılcımlar olduqca inanıram ki, gələcəkdə böyüyəcəyik, qələbələr olacaq. Bu matçda da çalışdıq. Bəzi şeylər alınmadı. Onların üzərində işləməliyik. Sabah artıq yeni məşqimizə başlayırıq, qarşıdakı matça hazırlaşırıq”.