Ştuxlikin gedişindən və Barış Şimşəyin gəlişindən sonra düşündük ki, bəlkə futbol hakimliyində müsbətə doğru dəyişiklik ola, amma təəssüf ki, vəziyyət daha da pisə doğru gedir. Söhbət tək hakimlərin səhvlərindən getmir. Ümumiyyətlə, futbol hakimliyinə diqqət və qayğı yox səviyyəsindədir. Yeni geyim və inventar sarıdan sıxıntı çəkən hakimlər, sonuncu dəfə normal təlim-məşq toplanışını yuxularında görüblər. Çox təəssüf ki, Barış bəy bu problemləri həll etmək əvəzinə hakim-inspektor kimi özünə təyinatlar yazdırır, oyunlara gedir, əlavə qonorar alır.

Rekord.az-a daxil olan məlumata görə, türkiyəli sabiq referi tək Premyer Liqa ilə kifayətlənmir.

O, U-19, hətta U-17 liqalarına da hakim-inspektor kimi yollanır, bu təyinatına görə qonorar alır. Onun bu liqalara getməsi, ordakı hakimlərin səviyyəsinə bələd olması yaxşı haldı. Amma bir şərtlə ki, Şimşək həmin oyunlara komitə sədri kimi getsin, hakim-inspektor kimi yox. Çünki biz onu bura gətirmişik ki, yeni hakimlərin üzə çıxmasına yardımçı olsun, ortada olan hakimlərin səviyyəsinin qalxması üçün nələrsə etsin. Məsələn, millinin oyunları ilə bağlı çempionatda 2 həftəlik fasilə yarandı. Bu müddətdə hakimlıri bir yerə yığıb təlim-məşq toplanışı, seminar təşkil edib onların səhvləri üzərində işləmək olardı. Lakin Barış bəy fasilə yaranar-yaranmaz Azərbaycanı tərk etdi. Avropada iki günlük seminarda iştirak edəndən sonra Bakıya yox, Türkiyəyə döndü və ailəsi ilə istirahət edib tur öncəsi Azərbaycana qayıtdı...