Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov bu gün 75-cü doğum günü qeyd olunan Anatoli Banişevski ilə bağlı xatirələrini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bunları söyləyib:

“Anatoliylə çox yaxşı münasibətimiz var idi. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm.

Bir dəfə yemək yeyəndə ondan soruşdum ki, “Tolik, səni SSSR-nin ən yaxşı komandaları öz heyətində görmək istəyir. Niyə getmirsən?” O isə cavabında dedi ki, “mənim kimi futbolçular orada çoxdu, amma burada mən təkəm. “Neftçi” mənim üçün doğma komandadır. Həm də Bakısız qala bilmərəm”.

Vətəninə bağlı insan idi. Gözəl yumor hissi var idi. Rafiq Əlizadə (“Neftçi”nin hücumçusu) ilə tez-tez zarafat edərdi. Zarafatla ona deyirdi ki, “Rafiq sən necə hücumçusan? 15 ilə 4-5 qol vurmusan”. Rafiq də gülərək cavab verirdi: “Nə olsun az qol vurmuşam, əsas odur ki, 50 dəfə penalti qazanmışam. Sən də qazandığım bütün penaltiləri qola çevirib “Fedotov klubu”na (karyerası ərzində minimum 100 qol vurmuş sovet və rus futbolçuların qeydə alındığı siyahı) düşmüsən”.