Bakıya gələn CEV nümayəndələri AVRO-2026-ya hazırlıq işləri ilə tanış olublar
- 13:08
- 22
Gələn il keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına hazırlıq işləri davam edir. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının AVRO-2026 (CEV EUROVOLLEY 2026) üzrə Təşkilat Komitəsinin nümayəndələri və turnirin yayım tərəfdaşı “Infront” şirkətinin əməkdaşları noyabrın 25-də Bakıda səfərdə olublar.
Qitə birinciliyində ölkəmizin ev sahibi olduğu C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasının texniki imkanları, infrastruktur, komanda və media zonaları, televiziya yayım üçün nəzərdə tutulmuş məkanlar, azarkeşlər üçün xidmət sahələri nümayəndələrə təqdim edilib. Qonaqlara görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri ilə bağlı məlumatlar verilib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.