Qısa müddətdə fəaliyyətə başlayan "Turan Tovuz" Futbol Akademiyası qısa zamanda çox böyük işlərlə yadda qaldı.

Rekord.az xəbər verir ki, uzun müddətdir futbolsuz qalan rayonda qısa zamanda uşaq futbolu yenidən bərpa etmək, kütləviliyə nail olmaq çətin olsa da, "Turan Tovuz" klub olaraq bunu bacardı.

Təbii ki, burada da ilk növbədə düzgün və peşəkar qurulan iş öz bəhrəsini verdi. Yerli kadr olan Nadir Nəbiyevin kluba təyinatı, tovuzlu futbol veteranlarının da həmçinin, bir ailə kimi bir araya gətirilməsi, onların işlə təmin edilməsi uzun müddətli yolun daha qısa müddətə keçilməsini təmin etdi.

Hazırda "Turan Tovuz"-un  nəzdində əsas və əvəzedici komandadan əlavə 11 komanda fəaliyyət göstərir: U-6-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19,  U-13 qızlar. Etiraf edək ki, uzun müddətdir böyük futbolun olmadığı rayonda qısa zamanda bu qədər komandanın fəaliyyətini bərpa etmək asan məsələ deyildi. Hələ üstəlik, bu komandalardan biri də qızlardan ibarət komanda ola. 
Hazırda bu komandalardan 10-u AFFA tərəfindən keçirilən rəsmi yarışlarda iştirak edir.  Ümumilikdə 250-dən çox uşaq və yeniyetmə akademiyada futbolun sirlərini öyrənirlər. 
Onların xidmətinə yataqxana, yeməkxana, trenajor zalı, nəzəri məşələlər üçün otaqlar, 1-i üstü örtülü olmaqla 4 mini futbol meydançası, 1 əsas meydança, bütün şəraitlə təchiz olunmuş soyunub geyinmə otaqları verilib. 
Akademiya futbolçularının inkişafında 29 nəfərdən müvafiq ixtisasa malik məşqçi, tibbi və inzibati heyət çalışır. 
Xüsusi qeyd olunaslı daha bir məqam isə "Turan Tovuz" Futbol Akademiyasının 8 futbolçusu müvafiq yaş qrupu üzrə Azərbaycan Milli komandasının üzvü olmasıdır. (U-15 2 nəfər, U-16 – 1 nəfər, U-17 – 2 nəfər, U-19 – 1 nəfər, U-21 – 2 nəfər)
Klubun futbol akademiyasında 30-dan çox uşaq məskunlaşıb, akademiyanın yataqxanasında qalırlar. Bu uşaqlar ölkənin müxtəlif bölgələrindən - Bakı, Lənkəran, Naftalan, Qax, Astara, Şəmkir, Gəncə, Tərtər, Yevlax, Salyan, Ağsu və s şəhər və rayonlardan, gəliblər. Hər biri məktəbə yerləşdirilib, təhsillərinə xüsusi önəm verilir. Hər cür şərait yaradılıb, qidalanma, geyim və digər vacib məsələlər yüksək səviyyədədir. Onların sağlamlığına qidalanmasına istirahət vaxtlarına xüsusi diqqət yetirilir. Akademiyada ciddi nizam-intizamın hökm sürməsi, burdakı futbolçuların tək futbolçu kimi yox, həm də layiqli insan, vətəndaş kimi yetişdirilməsinin də klub rəhbərliyi üçün əsas prioritet olduğunu demək lazımdır.