Bakıda Avropa çempionatının kubokunun təqdimatı keçiriləcək
- 10:40
- 37
Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley Women 2026) kubokunun təqdimat mərasimi keçiriləcək. "Rekord.az" xəbər verir ki, iyulun 7-də baş tutacaq tədbir çərçivəsində saat 12:00-da GİN-in Voleybol Mərkəzində mətbuat konfransı təşkil olunacaq.
Mətbuat konfransında Avropa çempionatının kuboku və yarışın rəsmi maskotu təqdim ediləcək, həmçinin media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.
Həmin gün saat 19:00-da isə Dəniz Mall-un qarşısında voleybol festivalı keçiriləcək. Festival ərazisində EuroVolley Women 2026-nı əks etdirən xüsusi fotozonalar və voleybol meydançaları qurulacaq. Festivalda hər kəs iştirak edə bilər. Voleybol sevərlər, şəhərimizin sakinləri və qonaqlar Avropa çempionatının kuboku ilə şəkil çəkdirmək, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşmək imkanı əldə edəcəklər. Bundan əlavə, fotozonalarda şəkil çəkdirərək sosial şəbəkələrdə #EuroVolley həştəqi ilə paylaşım edənlərə Avropa çempionatının oyunlarına bilet hədiyyə olunacaq.
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.