7-9 sentyabr tarixlərində İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin Elm və Tibb Komissiyasının təşkilatçılığı ilə 13-cü Komanda Həkimləri Təkmilləşdirmə Kursu keçirilir.

Rekord.az xəbər verir ki, dünyanın 50 ölkəsindən 85 idman həkiminin qatıldığı kursa Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev də iştirak edir. 

Kursun əsas məqsədi öndə gedən idman həkimlərini bir araya gətirərək, onların arasında kommunikasiyanı gücləndirmək və təcrübələrini bölüşmələri üçün şərait yaratmaqdır. Kurs zamanı idmançıların qarşılaşdığı zədələr və xəstəliklər ilə bağlı mühazirələr dinlənilir, eyni zamanda idmançıların müalicəsi, diaqnostikası və digər mövzular haqqında fikir mübadiləsi aparılır.

Ramil Vəliyevin sözlərinə görə kurs maraqlı və faydalı keçir: “Sevindirici haldır ki, bu gün Azərbaycan Cüdo Federasiyası idmançıların hazırlığı prosesində elmi yanaşmaya və təhsilə xüsusi önəm verir. Düşünürəm ki, burada əldə etdiyimiz biliklər və məlumatlar bizim gələcək fəaliyyətimizi daha səmərəli qurmağa kömək edəcək”.

Azərbaycan Cüdo Federasiyası idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq milli yığma komandalarının həkimlərinin ən son tədqiqatlardan və tibbi təcrübələrdən xəbərdar olması, idmançılara yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə gələcəkdə də bu cür təkmilləşdirmə kurslarında iştirak etmələrini planlaşdırır.

Qeyd edək ki, Ramil Vəliyev 2012-ci ildən cüdo üzrə milli yığma komandaların həkimi vəzifəsində çalışır və 2021-ci ildən baş həkim təyin edilib.