“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunda təsnifat mərhələsinin qrup oyunlarının keçiriləcəyi “Kale Arena”da məşqə çıxıb.

Rekord.az xəbər verir ki, A qrupunda mübarizə aparan "Sabah" ilk oyununu oktyabrın 2-də Niderlandın "Donar" (Qroningen) klubuna qarşı keçirəcək.

Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşma İctimai Televiziyanın rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.

Baş məşqçi Boban Mitev "Donar" ilə oyundan öncə görüşlə bağlı fikirlərini bölüşüb:

"Komandamızın hazırlığı məni qane edir. İlk oyundan gözləntilərə gəldikdə isə sona qədər mübarizə aparıb qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik. Azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər üç oyunda qələbə üçün döyüşəcəyik. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər  3 oyunda qələbə qazana bilərik".