Çinin Vuhan şəhərində baş qaldırmış və bütün planeti saran Covid-19 virusun törətdiyi pandemiya ucbatından dünyanın müxtəlif ölkələrinə hər hansı bir səbəblə gedib, qayıda bilməyən minlərlə soydaşımız var. Bəziləri ölkənin təşkil etdiyi çarter reysləri ilə vətənə qayıda bilsə də, bəzi vətəndaşlarımız hələ də xarici ölkələrdə müvəqqəti olaraq məskunlaşıblar. Avropadan qayıda bilməyən vətəndaşlarımızın içində Respublikada və  bir çox Beynəlxalq yarışlarda qalib olub, dəfələrlə Azərbaycanın üç rəngli bayrağını dalğalandıran, Cüdo və Kempo - Ryu idman növü üzrə təlimatçı, birinci dan qara kəmər sahibi Şirinov Məhəmməd İsmayıl oğlu da yer alır. Mart ayının 13-də Budapeştə, oradan isə Avstriyanın Salzburq şəhərinə yola düşən idmançımız sərhədlər bağlandığı üçün qayıda bilməyib, dahi bəstəkar Motsardın şəhərində müvəqqəti qonaq kimi qalıb. Vəziyyətinin necə olduğu ilə bağlı məlumat almaq üçün idmançımızla əlaqə saxladıq: 

- Məhəmməd bəy, hazırda harada məskunlaşmısınız? 
- Salzburg şəhərinə gəldiyim günün səhəri qaldığım otelin rəhbərliyi məni burada daha qonaq edə bilməyəcəyini deyib, oteli tərk etməmi xahiş etdi.  Nə edəcəyimi bilmədiyim bir ərəfədə sosial şəbəkədə anidən bu şəhərdə yaşayan, xeyriyyəçi bir idmançımızın pandemiya səbəbindən Avstriyada qalan vətəndaşlarımıza sahib çıxıb, yemək və qalacaq yerlə təmin etmək məqsədilə çağırış videosunu izlədim.  Mən Fərid Əzizov adlı idmançımızı həmin an tanıdım. Çünki hər ikimiz də onunla Azərbaycanda Kempo - Ryu idman növü üzrə yığma komandanın keçmiş üzvü olmuşuq. Artıq 3 aya yaxındır ki, Fərid bəyin evində qonağam. Mənə və burada qalan bütün həmvətənlilərimizə öz yardım əlini uzadıb. Yoldaşı Əfsanə xanım hər gün Azərbaycanın milli mətbəxindən ləziz təamlardan ibarət süfrə açaraq, bizləri özümüzü qəriblikdə hiss etməyə imkan vermir. 

- Qeyd etdiyiniz kimi artıq 3 aya yaxındır ki, Avropadasınız. Azərbaycandakı işləriniz nə yerdədi? Harada çalışırsınız və işlərinizə nəzarət edə bilirsinizmi?
- Sumqayı şəhərində yerləşən "PSP” - Polimer Sənaye Parkında  "inzibati təhlükəsizlik deportamentinin direktoru”  vəzifəsində çalışıram. İşlərimə online şəkildə davam edirəm və internet vasitəsi ilə işçilərimə təlimatlarımı çatdırıram. Təbii ki, əmək haqqımı da vaxtlı-vaxtında alıram. Ailəliyəm, iki oğul atasıyam. Hər gün bir neçə dəfə ailəmlə görüntülü danışır, övladımın dərslərinin gedişatı, təlim-tərbiyyəsi və məşqləri ilə də maraqlanıram.

- Bütün əyləncə yerlərinin, ticarət və iaşə obyektlərinin qapalı olduğu bir vaxtda orada darıxmamaq üçün nə edirsiniz? 
- Fərid Əzizovun başçılığı, sosial məsafəni və karantin qaydalarını qorumaq şərti ilə həmvətənlilərimiz ilə görüşüb, həyatının gənc çağında ailəsindən uzaq qalmış, qəriblikdə olan tələbələrə və ehtiyacı olan azərbaycanlılara mütəmadi olaraq, yardımlar edib, soydaşlarımızı daim diqqətdə saxlayırıq. 

Azərbaycanın Avstriyadakı səfirliyinin və Fərid bəyin rəhbərliyi ilə Salzburg şəhərində istifadəyə veriləcək "Azərbaycan evi”nin hazırlıq işləri ilə maraqlanır, açılışına birlikdə hazırlaşırıq. Bu arada, Azərbaycan diasporasına, başda Fuad Muradova və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilova burada qalan vətəndaşlarımızın səhhəti və qidalanması ilə tez-tez maraqlandığı üçün xüsusi təşəkkürümü bildirirəm.  Qeyd edim ki, dünyanın bu çətin günlərində bizləri bir anlıq belə olsun yalnız buraxmadılar.  

"Düşünürəm, tez bir zamanda Prezidentimiz Ali baş komandan İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında həmişə qabaqcıl tədbirləri ilə seçilən dövlətimiz bu ağır günləri də geridə qoyub, tez bir zamanda vətəndaşlarını dünyanın bütün bölgələrindən uğurla vətənə qaytaracaq”. (Fanat.az)