Azərbaycanda keçiriləcək Avropa çempionatının rəsmi topları təqdim edildi
- 13:20
- 37
Azərbaycanın da ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının rəsmi topları təqdim edilib. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) və "Mikasa" həm qadın, həm də kişi voleybolçuların qitə birinciliyində istifadə olunacaq topların birgə rəsmi təqdimatını keçiriblər.
Yeni toplar müasir dizaynla klassik üslubun qarışığı şəklində hazırlanıb. Toplar final mərhələsinə ev sahibliyi edəcək ölkələrin rənglərini əks etdirir. Qadınların yarışında final mərhələsi Türkiyədə, kişilərdə isə İtaliyada təşkil olunacaq.
CEV və "Mikasa" rəsmiləri bildirir ki, toplar yeni dizaynda hazırlanması idmançılar və Avropa üzrə voleybol azarkeşlərini ruhlandırmaq, idmana olan qürur və sevgini daha da gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, ölkəmizdə bir qrupun oyunları keçiriləcək. Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq. Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində Bakı Gimnastika Arenasında baş tutacaq.