
Azərbaycanda ilk: Regional futbol federasiyası AFFA yarışlarına qatıldı
- 13:00
- 114
Bir müddətdir ki, AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarına start verilib.
Rekord.az xəbər verir ki, Şimal zonası üzrə yarışlarda Şimal Regional Futbol Federasiyasının 3 komandası da çıxış edir.
Komandalar "Sumqayıt" Futbol Akademiyasının nəzdində fəaliyyət göstərsələr də, yarışlarda ŞRFF adı altında çıxış edirlər. Ümumiyyətlə, bu ideya necə ortaya çıxdı, təşəbbüs kim tərəfindən gəldi, bu suala cavab almaq üçün ŞRFF-nin vitse-prezidenti, həmçinin "Sumqayıt" Futbol Akademiyasının koorfinatoru Ağamusa Bağırova müraciət etdik. Ölkənin tanınmış uşaq məşqçilərindən olan Bağırov layihə haqda ətraflı məlumat verdi: "3 komandamız Şimal zonası üzrə yarışlarda iştirak edir: U-10, U-12, U-14 komandaları. Ümumiyyətlə, Region Futbol Federasiyasının nəzdində olan komandanın AFFA-nın çempionatında oynaması Azərbaycanda ilkdir. Bu yenilikdi, heç vaxt olmayıb. Heç sovet vaxtı da olmayıb. Ayrıca sponsor tapılacağı halda komandaların sayını artırmaq da olar. "Sumqayıt" Futbol Akademiyasının rəhbəri Hakan Sunalla da tez-tez bununlıa bağlı müzakirələr aparırdıq ki, liqalarda az oynayan uşaqların oyun sayını artırmaq üçün yeni nələrsə fikirləşmək lazımdı. Bu baxımdan bu komandaların yaradılması və AFFA-nın bayrağı altında Şimal zonası üzrə keçirilən yarışlara qatılması mühüm hadisədir. Əslində "Sumqayıt Futbol Məktəki" adı ilə oynamaq istəyirdik, sadəcə, sənədləşmə işlərini çatdıra bilmədik. Ona görə də Şimal Regional Futbol Federasiyası ictimai birlik olaraq bu məsələni qaldırdıq, mən özüm də vitse-prezident kimi təşəbbüs göstərdim, AFFA-nın baş katibi Cahangir Fərəcullayevə də məktub ünvanladıq, sağ olsun, müsbət yanaşdı, dəstəklədi, o cümlədən bizim kuratorumuz Fuad Rəsulov da lazımı dəstəyi göstərdilər. Bizi belə demək mümkünsə, yeni bir klub kimi qeydiyyata götürdülər. Ümid edirəm ki, qısa zamanda bunun müsbət nəticələrini görəcəyik".
Qeyd edək ki, ŞRFF-a "Sumqayıt" Futbol Klubu və "Sumqayıt" Futbol Akademiyasının da böyük dəstəti var və ŞRFF komandaları yarışlarda məhs "Sumqayıt" klubunun formaları ilə oynayır.