Futbol üzrə ilk Azərbaycan SSRİ çempionatı 1928-ci ildə keçirilib və çempion adını Bakının Həmkarlar İttifaqının “Proqres-2” komandası qazanıb.

 

Rekord.az xəbər verir ki, bu komanda Bakını təmsil edirdi.

 

Lakin fəaliyyəti uzun sürmədi və bir neçə ildən sonra dağıldı. Ümumiyyətlə nəzərinizə çatdıraq ki, ilk illərdə çempionatdakı komandaların sayı o qədər də çox deyildi. Daha çox 6-7 komanda olurdu ki, bunlar da Bakı və ətraf qəsəbələri təmsil edirdi. Komandalar isə həmkarlar ittifaqlarını, müxtəlif zavod, fabriklərin komandaları olurdu. Yəni, bir növ peşəkar çempionatdan daha çox həvəskar çempionata bənzəyirdi ki, bu da hardasa başadüşülən idi. Buna Azərbaycan SSRİ çempionatından daha çox Bakı çempionatı demək də yerinə düşərdi. Amma bir maraqlı məqama da toxunaq ki, ilk Azərbaycan çempionatında Xankəndi, Gəncə, Balakən, Şəki, Qaxın komandaları mübarizə aparıb. Amma ümumilikdə paytaxt klublarının sayı nəzərəçarpacaq dərəcədə çox olub. Bu proses ötən əsrin 60-cı illərinə kimi davam edib. Yəni həmin  illərə qədər ölkə çempionatları paytaxt klublarının hegemonluğu ilə keçib. Bu mənada təsadüfi deyil ki, 1961-ci ilə kimi çempion adını yalnız paytaxt klubları qazanıblar. Yalnız 1961-ci ildə Qubanın “Spartak” komandası tarixi nəticəyə imza ataraq ölkə futbolunda inqilab edib və bölgə klubları arasında ilk dəfə Azərbaycan kubokuna sahib çıxıb.

Ümumiyyətlə, Sovetlər vaxtı Quba futbolu daha çox inkişaf edib. Elə haqqında danışdığımız “Spartak” 1960-61-cı il mövsümündə Azərbaycan çempionu adını qazanıb. Maraqlandıq ki, həmin heyətdən cəmi üç nəfər sağ qalıb. Bunlardan Cahangir Hüseynov Bakıda yaşayır. Digər şəxs Adil Cəfərovdu. Bir də Mayıl adlı bir şəxs də sağ olsa da öyrəndik ki, yataq xəstəsidir. 1979-cu ildə isə komanda Azərbaycan kubokunun sahibi olub. Bu uğur həm də Azərbaycanın futbol tarixinə düşüb. Çünki 1979-cu ilə kimi keçirilən bütün kubok oyunlarını Bakı klubları qalib tamamlamışdı. Yalnız “Spartak” 1979-cu ilə bölgə komandaları arasında ilk dəfə ölkə kubokunu qazanmağı bacarır.

“Spartak”ın uğurundan iki il sonra isə Sumqayıtın “Polad” komandası da çempion adını qazana bilib. “Polad” da 60-cı illərdə sürətlə inkişaf edən və uzun müddət ölkə futbolundakı öncül klublardan olub. Sonrakı illərdə isə daha bir neçə bölgə komandası da çempionluq sevinci yaşasa da, daha çox bu ada elə paytaxt klubları sahib çıxıblar. Məsələn, Xankəndinin “Qarabağ” komandası 1977-ci ildə ölkə çempionu adını qazanıb. 1980-cı ildə isə indiki Şirvan, o vaxtkı Əli-Bayramlını təmsil edən “Energetik” də çempion olub. Təəssüf ki, sonradan bu komanda da fəaliyyətini dayandırdı. Hazırda da Şirvanda stadion boş qalıb və ölkənin böyük şəhərlərindən biri futola həsrətdi.

Azərbaycan SSRİ-nin son çempionu adını isə Sumqayıtın “Xəzər” komandası qazanıb. Ümumiyyətlə onu deyək ki, o vaxt ölkənin birnömrəli komandası hesab olunan “Neftçi” yalnız SSRİ çempionatlarında çıxış edirdi. Bundan başqa, 80-ci illərdən etibarən Azərbaycan çempionu adını qazanan komandalar SSRİ çempionatının II dəstəsində mübarizə aparmaq hüququ əldə etməyə başladılar. Bu adı qazanan komandalar daha Azərbaycan çempionatında çıxış etmirdilər və SSRİ çempionatında oynamağa başlayırdılar. Müxtəlif illərdə Sumqayıtın “Xəzər”, Gəncənin (o vaxtkı Kirovobad) “Kəpəz”, Ağdamın “Qarabağ”, Qazaxın “Göyəzən” komandaları SSRİ çempionatının II dəstəsində mübarizə aparıblar. 1988-89 futbol mövsümündə SSRİ çempionatının II dəstəsində 4 Azərbaycan komandası iştirak etmişdi: “Kəpəz”, “Göyəzən”, “Xəzər” (Sumqayıt) və “Bakılı”. Yekunda müvavif olaraq “Göyəzən” 5-ci, “Xəzər” 11-ci, “Bakılı” isə sonuncu, 16-cı pilləni tutmuşdu. Yalnız “Kəpəz” I dəstəyə vəsiqə uğurunda uzun müddət Kutaisi “Torpedo”su ilə mübarizə aparsa da, yekunda 43 xalla ikinci pilləni tutaraq istəyinə çata bilməmişdi. Belə ki, gürcülər 53 xalla I dəstəyə vəsiqə qazanmışdılar. Bəli, qeyd etdiyimiz kimi, SSRİ çempionatında oynayan komanda təbii olaraq Azərbaycan SSRİ çempionatında çıxış etmirdilər.

Ümumiyyətlə, yazının əvvəində qeyd etdiyimiz kimi, sovet dövründə Azərbaycan çempionatında daha çox bölgə və paytaxtın nisbətən zəif komandaları iştirak edirdilər. Maraqlı faktlardan biri paytaxtın ard-arda 4 dəfə Azərbaycan çempionu adını qazanmasıdır (1973-74-75-76).

İndi isə Azərbaycan SSRİ çempionatının bütün qaliblərinin adlarını sizə təqdim edirik: 

İllər Çempion

1928. “Proqres-2” (Bakı, Həmkarlar FK)
1929 - 1933  - keçirilməyib
1934. “Profsoyuz” (Bakı)
1935. “Cənub İnşaatçısı” (Bakı)
1936. “Cənub İnşaatçısı” (Bakı)
1937. “Lokomotiv” (Bakı)
1938. “Lokomotiv” (Bakı)
1939. “Lokomotiv” (Bakı)
1940. “Lokomotiv” (Bakı)
1941 - 1943  - keçirilməyib
1944. “Dinamo” (Bakı)
1945 - keçirilməyib
1946. “Lokomotiv” (Bakı)
1947. Əmək ehtiyatları (Bakı)
1948. KKF (Bakı)
1949. KKF (Bakı)
1950. “İskra” (Bakı)
1951. Orconikidzeneft (Bakı)
1952. Orconikidzeneft (Bakı)
1953. Orconikidzeneft (Bakı)
1954. S.M.Budennoqo adına Zavod (Bakı)
1955. Orconikidzeneft (Bakı)
1956. NPU Orconikidzeneft (Bakı)
1957. NPU Orconikidzeneft (Bakı)
1958. NPU Orconikidzeneft (Bakı)
1959. Bakı yığması-Spartakiada
1960. OİK (Bakı)
1961. “Spartak” (Quba)
1962. OİK (Bakı)
1963. “Araz” (Bakı)
1964. “Polad” (Sumqayıt)
1965. “Vostok” (Bakı)
1966. “Vostok” (Bakı)
1967. “Araz” (Bakı)
1968. OİK (Bakı)
1969. “Araz” (Bakı)
1970. OİK (Bakı)
1971. “Kimyaçı” (Sumqayıt)
1972. “Suraxanılı” (Bakı)
1973. “Araz” (Bakı)
1974. “Araz” (Bakı)
1975. “Araz” (Bakı)
1976. “Araz” (Bakı)
1977. “Qarabağ” (Xankəndi)
1978. SKİF (Bakı)
1979. OİK (Bakı)
1980. “Energetik” (Əli-Bayramlı)
1981. “Gənclik” (Bakı)
1982. “Toxucu” (Bakı)
1983. “Termist” (Bakı)
1984. “Termist” (Bakı)
1985. “Xəzər” (Sumqayıt)
1986. “Göyəzən” (Qazax)
1987. “Araz” (Naxçıvan)
1988. “Qarabağ” (Ağdam)
1989. “İnşaatçı” (Sabirabad)
1990. “İnşaatçı” (Sabirabad)
1991. “Xəzər” (Sumqayıt)