
“Azərbaycan Şahmat Turu”nun ilk 6 yarışında 1553 iştirakçı
- 17:00
- 33
İlk dəfə keçirilən “Azərbaycan Şahmat Turu” (Chess Tour Azerbaijan) layihəsinin ilk 6 yarışında 1553 (300-ü qadın) iştirakçı mübarizə aparıb.
Rekord.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, yaz-yay mövsümündə nəzərdə tutulan “open” yarışları yekunlaşıb.
Qatılanlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçılar var. Bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib.
“Chess Tour Azerbaijan” layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. 5 yarışdan 3-də qalib gələn Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb.
Beynəlxalq usta (IM) Xəzər Babazadə “Baku Open”də uğurlu çıxışının təsadüfi olmadığını “Shamakhi Open”in qalibi olmaqla təsdiq edib. Ardınca Xəzər Türkiyə I Liqasında uğulu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb.
Ukrayna təmsilçisi GM Vitali Bernadski iştirak etdiyi 5 yarışdan 3-də ikinci, 1-də isə dördüncü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.
4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak edib.
GM Əhməd Əhmədzadə və GM Məhəmməd Muradlının cəsarətli iştirakları, Əhmədin “Vüqar Həşimov Open”in qalibi olması da vurğulanası faktlardadır.
Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:
Baku Open - 576 şahmatçı
Sheki Open - 260 şahmatçı
Shamakhi Open - 102 şahmatçı
Lankaran Open - 176 şahmatçı
Guba Open - 234 şahmatçı
Gashimov Open - 205 şahmatçı
Qeyd edək ki, noyabrda Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 turniri keçiriləcək.