Azərbaycan Premyer Liqası ciddi maliyyə sıxıntısı yaşayır.

Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, görüntü olaraq hər şey normal görünsə də, daxildə vəziyyət olduqca gərgindir.

Hətta təsəvvür etmədiyimiz qədər gərgin. O qədər gərgindir ki, 10 komandalı çempionatın baş tutması belə, təhlükə altına düşə bilər. Məsələ nədir?

Məlum olduğu kimi, Rövnəq Abdullayev SOCAR-dan gedəndən sonra AFFA-ya gələn "kran"ın ağzı bağlanıb. SOCAR-ın yeni rəhbrəliyi əvvəlki kimi, pulu sağa-sola səpələmir, federasiyaya ayrılan hər qəpiyinin ciddi təftişini aparır. Eyni zamanda daha öncəki vaxtlarda ayrılan vəsaitin təyinat məkanı da araşdırılır. Həm federasiyada, həm də federasiyadan maliyyələşən klublarda da audit yoxlamalarının aparılmasına dair məlumatlar var. Bu səbəbdən neft şirkəti klublar üçün nəzərdə tutulan vəsaitin ayırılmasını yubadır. Məsələn, SOCAR-ın nəzdində olan "Azərikimya" əsas sponsor olsa da, "Sumqayıt" üçün hələ də lazım olan vəsaiti ayırmır. Sözügedən şirkətin gecikmələri ucbatından "Şamaxı", "Qəbələ", "Turan Tovuz" və "Kəpəz"in büdcəso hələ də təqdiqlənməyib. "Qəbələ" rəsmləri də köçürmədə problem olduğunu öz açıqlamalarından etiraf ediblər. "Şamaxı"da, ümumiyyətlə, heç nə məlum deyil. Komandanın gələcək taleyi belə, məlum deyil. Zaur Axundovun gedişindən sonra klub faktiki başsızdır. Baş məşqçi kimi rəsmən bir məşqçinin adı sənədləşdirilib, amma komandanı başqa məşqçi hazırlayır. Heyətdən, yeni transferlərdən danışmağına dəyməz. 

"Turan Tovuz" və "Kəpəz"də də büdcə məsələsi eynidir. Vəd verilib, amma vəsait hələ də köçürülməyib. Bu gün "Turan Tovuz" kişi sözü" ilə yerli futbolçuları ora yığıb, amma bu da çox davam edə bilməz. Həmin futbolçuların komandada qalması üçün vəd olunan maaşların verilməsi lazımdır. Həmin an yetişəndə problemin ciddiliyi ortaya çıxacaq. Diqqət yetirirsinizsə, Tovuz təmsilçisi yalnız yerli futbolçuların keçidlərini açıqlayır. Büdcə təsdiqlənmədiyi üçün əcnəbilərlə rəsmi anlaşma mümkün olmur.

"Kəpəz"in durumu da "Şamaxı"nın durumuna yaxındır. Yaşar Vahabzadə az saylı futbolçularla hazırlıqlara start versə də, AFFA vəd olunan vəsaiti klubun hesabına köçürməsə, nəinki legioner, heç yerlilərin oynamasını da təmin etmək olmayacaq. Bir sözlə, yaxın 1 həftə - 10 günlük dövr çox kritik dövrdü. AFFA bu müddətdə vəd etdiyi maliyyən ayırıb, klubların büdcəsini təsdq etməsə, vəziyyət məcradan çıxmağa başlayacaq.