22 fevral - 5 mart tarixlərində Misirin paytaxtı Qahirədə stend atıcılığı üzrə Dünya Kubokunun ilk mərhələ yarışında Azərbaycan millisi iştirak etməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Baş məşqçi və idmançı kimi yarışlara qatılan E.Cəfərov bildirib ki, 28 yanvar - 6 fevral tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilmiş Dünya Qran Prisində olduğu kimi, bu yarışda da Azərbaycan təmsil olunmayacaq:

“Afrikada karantin şərtləri sərtdir. Gərək daha erkən gedib orada qalasan. Bu da bizə sərf etmir. Yoxsa açıq havada məşqlərimizi edirik”.

O, Azərbaycan millisinin iştirak edəcəyi ilk yarış haqqında da danışıb: “18-29 mart tarixlərində Hindistanın Yeni Dehli, 16-27 apreldə Cənubi Koreyanın Çanqvan şəhərlərində keçiriləcək Dünya Kuboku yarışlarında da iştirak etməyəcəyik.

Yol uzaqlığından başqa, bu ölkələrdə də karantin şərtləri sərtdir. Ola bilər ki, fevralın sonunda pandemiya ilə bağlı vəziyyət düzələr. Amma indiyə olan duruma görə, bu yarışlara getməyəcəyik.

İlk yarışımızı İtaliyanın Lonato şəhərində keçirməyi planlaşdırırıq. Orada 7-17 may tarixlərində sırf stend atıcılığı üzrə Dünya Kubokunun dördüncü mərhələsi keçiriləcək.

Bundan sonra İtaliyadan Xorvatiyaya gedəcəyik. 20 may – 6 iyunda Xorvatiyanın Osiyek şəhərindəki Avropa çempionatında mübarizə aparacağıq”.

Dünya Kubokunun final mərhələsi olan Çempionlar Kuboku 18-24 oktyabr tarixlərində Bakıda keçiriləcək.

Onu da bildirək ki, stend atıcılığı üzrə yarışlarda millimiz əsasən Emin Cəfərov və onun həyat yoldaşı, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat gümüş mükafatçısı Nurlana Cəfərova ilə təmsil olunur.