Azərbaycan futbolunun dərdi böyükdür. Həllini gözləyən o qədər problem var ki. Məsələn, ciddi infrastruktur çatışmazlığı var. Əksər klublar peşəkar səviyyədə idarə olunmur və s. Amma bəlkə də bunlardan da vacibi kadr problemidir. Hər şeyin başında da bu durur, əslində. Savadlı futbol kadrlarına hava-su kimi ehtiyacımız var. İstər AFFA-nın divarları arasında, istərsə də yaşıl meydançaların kənarında...


Allaha çox şükür ki, son vaxtlar istedadlı məşqçilərimizin sayı artmaqdadır və bu, bizi gələcək adına ümidləndirir. Belə məşqçilərdən biri də gündən-günə püxtələşən və ortaya qoyduğu iş, əldə etdiyi nəticələrlə ictimaiyyətin diqqətini yaxşı mənada cəlb edən Aqil Nəbiyevdir.


Aqil hələ futbolçu olarkən xarakteri, insani keyfiyyətləri ilə seçilməyi bacarmışdı. Milli formanı da tərlədən Nəbiyev məşqçiliyə başlar-başlamaz sözünü deməyi bacardı. Stajlı futbol azarkeşləri onun "Şüvəlan"dakı işiylə tanışdır. Hələ o vaxt gənc mütəxəssis uğurlu gələcəyin siqnalını vermişdi.


2021-ci ildən Nəbiyev U17 milli komandasına baş məşqçi təyin edilib. Həmin ili pandemiyaya görə boşa verən mütəxəssis növbəti ildən qolları çırmalayaraq, əməli fəaliyyətə başlayıb. Bir il sonra Avropa çempionatının seçmə mərhələ oyunları keçirildi. Bosniya və Herseqovina, Niderland və Lüksemburqla eyni qrupda yer alan yığmamız şanssızlıqla üzləşdi. Belə ki, bu və ya digər səbəblərdən komandanın 13 üzvü seçmə mərhələdə milliyə kömək edə bilmədi. Böyük itkilərə baxmayaraq, yığma azarkeşləri təəccübləndirməyi bacardı. Bosniyalılarla qolsuz heç-heçəni Niderlandla ilə gərgin oyun müşahidə etdi. Nəbiyevin yetirmələri dünya nəhənginə minimal fərqlə məğlub oldular. Son qarşılaşma həlledici idi. Lüksemburq üzərində qələbə qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlməyə imkan verəcəkdi. Ancaq idman xoşbəxtliyi komandamızdan üz döndərdi. Rəqibdən aşkar üstün oynayan milli bunu hesabda əks etdirə bilmədi - 1:2.


AFFA bu ilin martından həm U-16, həm də U-17-nin sükanını gənc çalışdırıcıya həvalə edib. Geridə qalan müddətdə 3 təlim-məşq toplanışı keçirilib. Qızmar yay aylarında intensiv hazırlıq keçən yeniyetmə futbolçularımız 5 yoxlama oyununda qüvvələrini sınayıblar. Moldova iki dəfə məğlubiyyətə uğradılıb, Qazaxıstan üzərində qələbə qazanılıb, Gürcüstanla matç isə heç-heçə bitib. Yığma ən son olaraq ədalətsiz hakimliyə baxmayaraq Monteneqro üzərində əzmkar qələbə qazanıb.


Bütün bu nəticələr məşqçi işindən xəbər verir. Görünən odur ki, Aqil Nəbiyev futbolçulara qalib psixologiyasını aşılaya bilib. Ardıcıl uğurlu nəticələr milli üzvlərində özünəinamı gücləndirir. Bu isə Azərbaycan futboluna hava-su kimi lazımdır.


Nəbiyev bununla da kifayətlənmir. 1-12 avqust tarixlərində 2009-2011 təvəllüdlü 30-dan çox perspektivli futbolçu ilə gündə bir məşq olmaqla təlim-məşq toplanışı keçib. Bununla da gənc məşqçi milliyə namizəd heyəti formalaşdırıb. Baxmayaraq ki, milli komandanın baş məşqçisi kimi bunu etmək öhdəliyi yox idi.


Yeri gəlmişkən, Nəbiyev müasir standartlara uyğun hazırlıq prosesi keçir. İntensiv məşqlər futbolçuların daha da artırmasına imkan verir. Onun məşq metodu klublarımızın aşağı yaş qruplarında tətbiq edilsə, əminliklə deyə bilərəm ki, milli komandaya daha hazırlıqlı futbolçular gələr.


Bəli, bütün bunları gözə alıb, belə qənaətə gəlmək olar: gənc mütəxəssis artıq milli komandanın gələcəyi üçün etibarlı təməl atmaqdadır. O həm də oyundan-oyuna məşqçilik keyfiyyətlərini təkmilləşdirir. Həm ona, həm də komandasına görə sevinməyə dəyər. O, sübut edir ki, Azərbaycanda kifayət qədər potensiallı futbolçu var. Sadəcə, onları tapmaq, üzərində işləmək və işlək mexanizmlə uğurlu sistemin bir parçasına çevirmək lazımdır. Bax o zaman uğur özü gəlib bizi tapacaq. Deməli, hələ də Azərbaycan futbolunun sabahına ümid edə bilərik.


Hacı Mərdan