Azərbaycan cüdo millisinin üzvləri 20-22 dekabrda İsraildə keçiriləcək "Dünya Ustaları" turnirində çıxış edəcək.

Rekord.az xəbər verir ki, iştirakçıları dünya reytinqindəki mövqeyinə əsasən müəyyənləşən ilin son yarışında ölkəmizin 15 idmançısı da mübarizə aparacaq. Onlardan 14-ü kişi, 1-i qadındır.

Kişilər: Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (hamısı 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev (hamısı 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq).

Qadınlar: Leyla Əliyeva (48 kq).

"Dünya Ustaları" turniri dünya çempionatından sonra Olimpiadaya ən çox lisenziya xalı verən yarışdır. Burada hər iştirakçının nəticəsindən asılı olmayaraq, aktivinə 200 xal yazılır. Qızıl medalçı 1800, ikinci yerin sahibi 1260, bürünc medalçılar 900 reytinq xalı qazanır. Turnirin ümumi mükafat fondu 196 000 avrodur.