
Azərbaycan çempionatının bombardiri 3 aydır yataqdadır: AFFA yardım edəcəyinə söz verdi
- 28 Apr 2022 11:00
- 1015
Azərbaycan çempionatları tarixinin ən məhsuldar hücumçusu, üç mövsüm (1992, 1994-95, 1997-98) bombardir olmuş Nazim Əliyevin sağlıq durumunda ciddi problem yaranıb.
Rekord.az xəbər verir ki, bu barədə veteran futbolçu özü məlumat verib.
O, deyib: "Üç aydır bu vəziyyətdəyəm. Hər şey koronavirusa yoluxmağımdan sonra başladı. Şəkərim olduğu üçün xəstəliyi ağır keçirtdim, qan laxtalanması oldu. Sonra daxili orqanlarım sıradan çıxdı. Mədəmdə varikoz əmələ gəlib. Qaraciyərim də serrozdur. Düzdür, hazırda ev şəraitində müalicə olunuram. Özüm xəstəxanada qalmaq istəmədim. Çünki xəstəxanada xərc daha çox çıxırdı. Açığı, imkan da yoxdur. Hamısı bahalı dərmanlardır. Sağ olsunlar, qohumlar, yaxınlar kömək edir, dərmanları alıram. Amma səhhətimdə hələki yaxşılaşma yoxdur".
Nazim Əliyev maddi dəstək üçün AFFA-ya da müraciət etdiyini bildirib: "Futbolçu, məşqçi dost-tanışlar əlaqə saxlayırlar, ürək-dirək verirlər. Maddi kömək üçün AFFA-ya müraciət etmişəm. Ancaq hələ bir reaksiya verilməyib. Ümid edirəm ki, müəyyən yardım edərlər. Uzun illər Azərbaycan futboluna xidmət etmişəm, millidə çalışmışam. Bir istəyim var, əvvəlki səhhətimə qovuşum".
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə məsələyə bu cür münasibət bildirib:
"Təbii ki, Nazim Əliyevin sağlıq durumu ilə bağlı problemdən məlumatlıyıq. Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov onunla mütəmadi əlaqə saxlayır. Bizim özümüz üçün də çox təəccüblü və qəribədir ki, Nazim Əliyev niyə biganəlikdən şikayət edir? AFFA məsələni nəzarətdə saxlayır və müalicəsi ilə bağlı ona yardım göstərilməsi nəzərdə tutulub. Sənədləşmə ilə bağlı prosedur gedir. Yubanma bizim günahımızdan baş verməyib".
Bu arada, redaksiyamızla əlaqə saxlayan Nazim Əliyev AFFA tərəfindən onunla əlaqə saxladıqlarını və yardım göstəriləcəyinin deyildiyini bildirib: "Açıqlamam nəsə düzgün anlaşılmayıb. Əslində, şikayətlənmək niyyətim yox idi. Müraciət edilib. Dedilər ki, yardım olunacaq. AFFA-ya minnətdarlığımı bildirirəm" (fanat.az)