17 yaşlılar arasında Azərbaycan çempionatında biabırçı hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, «Zirə» və «Şamaxı» arasında keçirilməli olan oyun baş tutmayıb.

Hakimlər briqadası Bibiheybət qəsəbə stadionunda təşkili planlaşdırılan qarşılaşmaya gəlməyib. Hər iki komanda arenaya təşrif buyursa da, saat 14:00-da məlum olub ki, «fit sahibləri» hakimlər otağında yoxdur.

Belədə AFFA ilə əlaqə saxlayan rəsmilər «ədalət təmsilçiləri»nin niyə matça yetişməməsi ilə maraqlanıb. Federasiyadan onlara bildirilib ki, hakimlər yolda tıxaca düşüb və oyun 15:00-da başlayacaq.

Lakin görüş yenə start götürməyib, çünki «fit sahibləri» göstərilən saatda da özünü bura yetirməyib.

Daha sonra AFFA-dan klub funksionerlərinə etiraf ediblər ki, qarşılaşmaya təyinat verməyə hakim tapılmayıb. Bu üzdən 2 saat boş-boş məşq edən və gözləyən komandalar sonda kor-peşman geri qayıdıb. (sportinfo.az)