
Ayxanı istefaya çağıranlar...
- 10 Apr 2023 11:00
- 935
Dünən "Turan Tovuz" - "Şamaxı" matçından sonra heç də xoş olmayan anlara şahidlik etdik. Belə ki, bir qrup yerli azarkeş Ayxan Abbasovu istefaya çağırdı. İddia eliyə bilmərəm ki, həmin azarkeşlərin hamısı öyrədilmişdi. Tam öz fikri, düşüncəsi ilə "istefa" qışqıranlar da ola bilər. Əslində, narazılığı normal qarşılayıram. Komanda 6 oyundur ki, qələbə qazana bilmir və bu da azarkeşlərdə narazılıq yaradır. Azarkeşdi, komandasının qələbəsini istəyir, daha yuxarı pillədə qərarlaşmasını arzulayır. Etiraf edək ki, "Turan Tovuz" son iki ev oyununda özündən aşağıda qərarlaşan "Sumqayıt" və "Şamaxı"nə məğlub etməklə bir anda 4-cü pilləyə iddiasını ortaya qoyacaqdı. Amma bu, olmadısa belə, buna görə "istefa"? Dünən gec saatlarında məhz Tovuzdan gəlib evdə kompyuterə açanda qarşıma çıxan ilk mövzu bu oldu. "Turan Tovuz" azarkeşlərindən biri mənim bu məsələyə münasibət bildirməyimi istədi. Özü də konkret istefa ilə bağlı. Ora yazdığım fikirləri bura da yazacam.
Nə istefa? Kimin istefası? Ayxanın? Əslində bu fikirləri, bu iddiaları qeyri-ciddi qəbul edib heç münasibət bildirməzdim. Sadəcə, Tovuz azarkeşlərinə böyük hörmətim olduğu üçün cavablandırmağı özümə borc bildim. Sağlam düşüncədə olan hər kəsin fikirinə də, istəyinə də hörmətlə yanaşıram. Amma bu cür aqressiv yanaşmanı şəxsən mən əsl Tovuz azarkeşlərinə yaraşdırmadım. "İstefa" qışqıranların bəlkə də 90 faizi 1 il bundan qabağa kimi Premyer Liqada komandamız olsun deyib xiffət çəkənlərdi. 7 il idi futbolsuz qalmışdı bu rayon. 7 ildən sonra elitaya qayıdan və 1 aya yığılan komandadan medal gözləyirdiniz, yoxsa avrokuboklara vəsiqə? Adam hansı şərtlər altında işləyir, komanda qurur bunu bilirsiniz? Bu boyda komandanın cəmi bir meydançası var, həm məşq eləyir, həm oynayır. O da süni örtük. Adam bilmir rəqibə qarşı taktiki plan üzərində işləsin, yoxsa futbolçusunu zədədən qorusun. Bu gün "Turan Tovuz"un futbolçularının yarısı zədəli-zədəli oyunlara çıxır. 7 ildən sonra qayıdan komandanın əsas məqsədi Premyer Liqada yerini qorumaq idi. Ayxan da qış fasiləsinə kimi bu məsələni 90 faiz həll etdi.
Rəqibləri kiçildirsiniz. "Səbail"in 8 milyon büdcəsi var. "Şamaxı" səfər oyunlarına 2 min manat mükafat qoyur. "Sumqayıt"ın bu gün 9 meydançası var. "Turan Tovuz"dan yuxarıda olanları heç demirəm. Çox çətin şərtlər altında komanda yaradılır. Ayxan da, Nadir Nəbiyev də hədsiz zülüm çəkir. 6-cı pilləyə görə baş məşqçini istefaya çağırarlar? Hələ üstəlik o komanda ki, bu cür imkanlarla ölkə kubokunun yarımfinalına çıxıb. Bu sponsor elə-belə gəlib sizcə? Qışa qədər olan "Turan Tovuz"un oyununu görüb gəlib o sponsor. O avtobus elə-belə alınmayıb, komanda bunu öz oyunu ilə haqq edib. İndi 3-4 turdu sıxıntı yaranıb o dəqiqə istefaya çağırırlar. Yenə deyirəm, hər kəsin şəxsi fikiri var, amma indiki halda Ayxana və komandaya dəstək lazımdır. Eyni sözü 1-2 ay qabaq Tərlan Əhmədov haqda da deyirdilər. Onu da istefaya çağırırdılar. Tanıdığım, mənə hörmət edib fikirimi soruşan azarkeşlərə dedim ki, Tərlana dəstək olmaq lazımdır, hər şey düzələcək. Həqiqətən də "Kəpəz" o vəziyyətdən çıxdı. Eyni sözü "Turan Tovuz" azarkeşlərinə də deyirəm ki, Ayxana dəstək olun. Komandanın çıxışından narazısınız, iradlarınız var, normaldı, gedin, narazılığınızı çatdırın. Ayxan da elə insan deyil ki, azarkeşlərdən qaçsın. Özü də həmişə deyir ki, kimin nə sözü, narazılığı var gəlsin, müzakirə edək. Amma kubokun yarımfinalı öncəsi bu cür münasibət, heç yerinə düşmədi və komandaya böyük mənəvi zərbə oldu...
Anar XANLAROV