Voleybol üzrə Avropa Liqasının (CEV Volleyball European League 2026) formatında dəyişiklik olunub. "Rekord.az" xəbər verir ki, 2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında keçirilən yarış 2026-cı ildən yenə “Avropa Liqası” adlanacaq.
Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyacaq və komandalara reytinq xalları qazandıracaq. İştirakçı komandalar və oyunların proqramı CEV-in reytinqinə əsasən müəyyən olunacaq. Reqlamentə əsasən yarışda 24 qadın və 27 kişi komandası mübarizə aparacaq.
Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yekunda 1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, qadınlardan ibarət millimiz CEV-in reytinqində 27-ci, kişilərdən ibarət millimiz isə 38-cidir.