
Avro-2026: Qrup rəqiblərimiz bəlli oldu
- 04 Okt 2025 23:29
- 55
İtaliyanın Bari şəhərində təşkil olunan voleybol üzrə Avropa çempionatının püşkatma mərasimi yekunlaşıb. "Rekord.az" xəbər verir ki, ölkəmizin də ev sahibliyi etdiyi qadınların birinciliyinin bütün qrupları bəlli olub.
Millimizin kapitanı Ayşən Abduləzimovanın da iştirak etdiyi püşkatmanın nəticəsinə görə Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Qrupumuzda millimizlə yanaşı, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları da mübarizə aparacaqlar.
Reqlamentə əsasən ölkəmiz ev sahiblərindən olduğu üçün bizə püşkatmadan öncə bir rəqib seçmək hüququ verilib. Azərbaycan seçimini Portuqaliya yığmasından yana edib. Kapitanımız Abduləzimova isə səbətdən Niderlandın adını çıxarıb.
Qeyd edək ki, qitə birinciliyi 2026-cı il avqust-sentyabr aylarında keçiriləcək. Qrupumuzun oyunları Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq.