AVRO-2026: Bakıdakı oyunların hakimləri bəlli oldu
- 16:39
- 22
Qadın voleybolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək C qrupu oyunlarını idarə edəcək hakimlər bəlli olub. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) 21-28 avqust tarixlərində Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Hakimlər briqadası 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən ibarətdir. İsrailli Goren Roy yarışın baş hakimi təyin olunub. O, hakimlərin fəaliyyətini qiymətləndirəcək. Challenge (Çelenc) hakimi serb Vladimir Cvetkoviç olacaq. Qarşılaşmalarda mübahisəli məqamların o aydınlıq gətirəcək.Oyunları isə hakimlər Erdal Akıncı (Türkiyə), Helena Persson (İsveç), Mikele Brunelli (İtaliya), Bartlomiey Adamçık (Polşa) və Dominik Biegajlo (Böyük Britaniya) idarə edəcəklər.
CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar. Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupu qarşılaşmalarını idarə etməyəcəklər.
Qeyd edək ki, C qrupunun bütün oyunlarında Challenge (Çelenc) sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərindən istifadə edilməyəcək. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstərib.