AVF Bakıda keçiriləcək EuroVolley-2026-ya bilet müsabiqəsi keçirir
- 20:15
- 34
Azərbaycan Voleybol Federasiyası (AVF) ölkəmizdə keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına bilet müsabiqəsi elan edib. "Rekord.az" xəbər verir ki, azarkeşlər biletləri Bakıda baş tutacaq Avropa Liqasının oyunlarında qazanmaq şansı əldə edəcəklər.
AVF iyunun 5-də və 7-də GİN-in Voleybol Mərkəzində təşkil olunacaq Azərbaycan-İsveç və Azərbaycan-Estoniya oyunlarını arenada canlı izləyəcək azarkeşlər arasında müsabiqə keçirəcək.
Müsabiqənin şərtlərinə görə, oyuna gələrkən ad, soyad və əlaqə nömrəsi yazılmış vərəqi girişdə yerləşdiriləcək xüsusi qutuya atmaq lazımdır. Avqustda Bakıda keçiriləcək EuroVolley 2026-nın açılış mərasiminə və Azərbaycan-Portuqaliya oyununa ümumilikdə 12 bilet oynanılacaq. Qaliblərin adları hər oyunun birinci və ikinci setlərindən sonra elan ediləcək.
Qeyd edək ki, Azərbaycan-Portuqaliya qarşılaşması avqustun 21-də Milli Gimnastika Arenasında keçiriləcək.