Ağstafa rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon bayram tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, idarə, müsəssisə və təşkilat kollektivlərinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Ulu Öndərin adını daşıyan mədəniyyət parkında sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi ehtiva edən eksponatlar, özfəaliyyət dərnəklərinin dövlətçiliyimizə, milli dəyər və adət-ənənələrimizə həsr etdikləri rəsm, əl işlərindən ibarət sərgilər, xalqımızın qədim, mətbəxini, məişətini əks etdirən guşələr böyük həvəslə izlənilib. Yerli mədəniyyət nümayəndələrinin təqdimatında milli rəqs, aşıq sənəti və digər folklor nümunələri, eləcə də idman klub və bölmələrində fəaliyyət göstərən yeniyetmə və gənc idmançıların nümunəvi çıxışları da böyük maraqla izlənilib.

Mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş bayram konsertindən sonra RİH başçısı, ağsaqqallar və şəhid ailələri ilə birgə bayram tonqalını alovlandırıblar.