
AFFA razı, PFL razı, köç niyə baş tutmur?
- 16 Mar 2022 17:00
- 639
Şamaxı şəhər stadionunun istifadəyə hazır olmaması barədə müzakirələr artıb. Xəbər verdiyimiz kimi, martın 18-də “Keşlə” klubunun (yaxın gələcəkdə adı dəyişərək “Şamaxı” olacaq) “Sumqayıt”la Premyer Liqa matçını məhz yeni stadionda keçiriləcəyi bildirilirdi. Amma bu həftə PEL-in açıqladığı təqvimdə “Keşlə”nin rəqibini əvvəlkitək Bakıdakı “ASK Arena”da qəbul edəcəyi qeyd olunub. Bundan sonra jurnalistlər sosial mediada müzakirə aparıblar. Daha çox sual bu yöndə olub: “UEFA-nın beynəlxalq sertifiikat verdiyi stadion nəyə görə daxili çempionatın oyunlarına hələ də hazır deyil? Lakin bu müzakirələrin ardınca, həm AFFA (mətbuat katibi Firuz Abdulla), həm də PFL (mətbuat katibi Aslan Şahgəldiyev) mətbuata açıqlama verərək, stadionla bağlı heç bir problemin olmadığını bildirdilər. Hər iki tərəf birmənalı şəkildə bildirdi ki, stadion oyunları qəbul etməyə tam hazırdı, hazır olmaması ilə bağlı deyilənlər isə əsassızdır. Hətta PFL əməkdaşları da stadiona baxıb müsbət rəy veriblər. Elədirsə, ortaya haqlı sual çıxır: əgər stadion oyunlarl qəbul etməyə tam hazırdırsa, heç bir problem yoxdursa, o zaman "Keşlə"nin köçü niyə yubanır? Hər halda, stadionla bağlı problem yoxdursa, o zaman köçün yubanmasının başqa tutarlı səbəbi var. Bəs o səbəb niyə açıqlanmır ictimaiyyətə? Əgər köçlə bağlı konkret tarix açıqlanmasaydı, heç bu mövzu da bu cür operativ şəkildə gündəmə gətirilməzdi. Məsələ burasındadır ki, "Keşlə"nin Şamaxıya köçünün məhz mart ayında olduğu AFFA səviyyəsində açıqlanmışdı. Lakin son durumdan belə yəqin hasil olur ki, köç ən azı martda olmayacaq? Şamaxıya qar yağıb? Məgər ilk dəfədir ki, mart ayında Şamaxıya qar yağır? Bura Bakı deyil ki, qara həsrət qalsın, Şamaxı dağlıq rayondu və noyabrın ortalarından martın sonuna qədər bu rayona qarın yağması tam normaldı. AFFA Şamaxının iqlimini, relyefini bilmir ki? Onda mart söhbətini niyə ortaya atırdılar? Ola bilsin səbəb heç bu da deyil. Bəs nədir? Bax o mənim özümə də maraqlıdır, amma nədənsə stadionla bağlı heç bir problem olmadığını deyən federasiya köçə mane olan əsl səbəbi açıqlamır.
Anar XANLAROV