AFFA-nın Ştuxliklə inkişafı – Bir addım irəli, iki addım geri
- 2020-01-21 14:37
- 1988
Sovet vaxtı ali məktəbə imtahan zamanı müəllim tələbədən Leninin “Bir addım irəli, iki addım geri” əsərini necə başa düşdüyünü soruşub. Tələbə də hazırcavab imiş, özünü itirməyib. Müəllimin sualına tələbənin cavabı belə olub: “Bunu bilməyə nə var ki? Lenin özü SSRİ-ni bir addım irəli aparmışdı, sonradan Stalinlə Brejnev onu iki addım geri saldılar”.
Azərbaycanda futbol hakimliyinin hazırkı vəziyyəti indi eynilə o cürdü. AFFA bir neçə il bundan əvvəl hakimliyə diqqəti artırdı, rüşvətxorlar, yaşı ötmüşlər fitdən və bayraqdan uzaqlaşdırdılar. Yaxşı yadımdadı, hakimlərin hər oyunda çıxardığı hoqqalardan neçə-neçə yazılar yazardıq. Biz nələri görməmişik? Hakim olub ki, rüşvət aldığı komandanın rəhbərliyinə oyundan əvvəl “məni söyərsiz, əvvəl komandanı bir az sıxacam, qoy heç kim şübhələnməsin” deyib. Başqa birisi ölkə kubokunun yarımfinalından öncə rəqiblərin hər ikisindən rüşvət alıb, kömək edəcəyinə söz verib. Oyundan sonra da uduzan tərəfini pulunu geri göndərib ki, bağışlayın, alınmadı.
Sevinirdik ki, belələrini futboldan uzaqlaşdırıb, hakimlikdə rüşvətin kökünü kəsiblər. İnsafən, hakimliklə bağlı söz-söhbətlər xeyli azalmış, mühit sağlamlaşmışdı. Hətta səhvlər olanda belə heç kim rüşvətdən şübhələnmir, qərəz axtarmırdı. Düşünürdük ki, dünyanın hər yerində olduğu kimi, bizim hakimlərimiz də səhv edib. AFFA da bu sahəyə xeyli diqqət ayırır, gənc hakimlərin inkişafı üçün səxavətini əsirgəmirdi. Hakimlərimiz yay demədən, qış demədən təlim-məşq toplanışlarına yollanırdı. Həmin toplanışlar zamanı tanınmış klubların oyunlarında söz sahibi olur, əvəzsiz təcrübə qazanırdılar. Elə həmin təcrübənin sayəsində də Premyer Liqanın oyunları zamanı onların qətiyyətli qərarlarına şahidlik edirdik. Təsadüfi deyil ki, qısa müddətdə ortaya xeyli gənc hakim çıxdı. Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabbarov, Ömər Paşayev, Rəvan Həmzəzadə kimi gənclər məhz bu işlərin nəticəsində ortaya çıxdılar.
2018-ci ilin sentyabrında hər şey dəyişdi. Özü də mənfiyə doğru. AFFA Hakimlər Komitəsinə Avstriyadan sədr gətirdi. Bizimkiləri bəyənməyib, Fritz Ştuxliki yuxarı başda əyləşdirdilər. Adını da qoydular ki, Avropadan gələn sədrin sayəsində UEFA bizi daha yaxşı tanıyacaq, Ştuxlik əlaqələrini işə salıb azərbaycanlı referilərə yaxşı təyinatlar verilməsinə nail olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov təxminən belə demişdi. Adama deyərlər ki, bəs nə oldu? Hakimlərin başına elə oyun açırlar ki, indi hamısı dabanına tüpürüb, qaçmağa hazırdı. Əliyar Ağayev birinci kateqoriyaya Ştuxlik gələnə qədər yüksəlmişdi. Əliyara gözlədiyimiz dərəcədə diqqətin, etimadın şahidi olmuruq. Fritz ortaya bircə hakim belə çıxara bilməyib, əvəzində Rəhim Həsənovu gözümçıxdıya salıb, onun karyerasıyla təhlükəli oyunlar oynayır.
AFFA hər ay Fritzin maaş kartına 15-17 min avro maaş yükləyir, amma hakimlərin xaricdə toplanış keçməsi üçün pul tapılmır. Beynəlxalq arenada yerində saymaq bir tərəfə, gerilədiyimiz də rəqəmlərlə isbat olunan faktdı. Bəli, bunun adına “bir addım irəli, iki addım geri” deyərlər. AFFA ağıllı iş görüb, hakimlərimizi bir addım irəli aparmışdı. Son iki ildə Elxan Məmmədovla əlbir olan Fritz onu iki addım geri saldı. Uçuruma yuvarlanacağımız gün də uzaqda deyil...