Rəvan Həmzəzadə “feysbuk” hesabında maraqlı paylaşım edib.

 

Rekord.az xəbər verir ki, Şəkidən olan gənc referi futbol məkətəbinin reklamını paylaşıb.

 

Həmin postu diqqətinizə çatdırırıq: “Şəki şəhərində “Kənan” (qartal) arenada 5-14 yaşadək uşaqlarla futbol məşqlərinə başlayacağıq. Övladlarını gələcəkdə profesional futbolçu kimi görmək istəyənlər bizə müraciət etsinlər”.


Maraqlıdı, futbol məktəbi Rəvan Həmzəzadənin özünə məxsusdu? Həm oyunları, həm də məktəbi idarə etmək çətin olmayacaq? Suallarımızı cavablaması üçün gənc hakimlə əlaqə saxladıq. Həmzəzadə futbol məktəbinin ona məxsus olmadığını bildirdi: “Elgün Hüseynov adlı dostum var. Balaca bir arenada futbol məktəb yaradıb. Orda uşaqlara futbolun sirrlərini və incəliklərini öyrətmək istəyir. Məndən də xahiş etdi ki, məktəbin reklamını edim. Bu səbəbdən də tez-tez “feysbuk”da ora ilə bağlı paylaşımlar edirəm. Məktəbin mənə adiyyatı yoxdu. Sadəcə, dostuma kömək edirəm. Düzdü, arada Şəkidə olanda məşqlərdə iştirak edirəm. Hakimliklə bağlı dərslər keçilmir. Ancaq futbolun sirrlərini öyrədirlər. Mən ora baş çəkəndə uşaqlara müəyyən qaydaları izah edirəm. Autun düzgün atılmasını, qayda pozuntularını, hansı epizodlarda cərimələrin təyin olunub-olunmamasını başa salıram. Amma bu da arada bir olur. Açığı, çox vaxtım da yoxdu. Oyunlara təyinatlardan, seminarlarda iştirak etməkdən çox vaxt ayıra da bilmərəm. Sadəcə, Şəkidə məni daha çox adam tanıyır, peşəkar hakiməm deyə dostuma bu işdə kömək edirəm. Əlimdən gələni ondan əsgirmirəm. Elgün özü də peşəkar məşqçi deyil. Hansısa kateqoriyası da yoxdu. Sadəcə, futbola çox marağı var. Məşqlərə gələn uşaqların çoxu öz dost-tanışlarının övladlarıdı. Onlara müəyyən şeyləri izah edir, pis vərdişlərdən uzaq olmalarına çalışır. Mən də vaxtım olanda, Şəkiyə gedərkən biliklərimi onlarla bölüşürəm. Yenə deyirəm, dostuma kömək etməkdən başqa bir marağım yoxdu. Əsas məqsədim hakimlik karyeramda uğur qazanmaq və inkişaf etməkdi”.