AFFA-nın etdiyi düz
- 11:00
- 28
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.
Namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.
Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri müəyyənləşib. Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:
U-15 - Aleksandr Qross
U-16 - Famil Xəlilov
U-17 - Emin Mustafayev
U-18 - Mahmud Qurbanov
U-19 - Elgiz Kərəmli
Şəxsi fikirimi deyim, mənə görə super təyinatlardı. AFFA-nın son illərdə qəbul etdiyi ən düzgün qərarlardan biri. Hər bir məşqçini də ayrı-ayrılıqda təbrik edim.
Qross gənc məşqçidir, "Sumqayıt"da oynadığı dönəmdən tanıyıram, tərbiyəli, qanacaqlı oğlan idi, bəzi azərbaycanlılardan qat-qat yaxşı danışır Azərbaycan dilində, məşqçi kimi də həmçinin, çalışqan biridir.
Famil Xəlilov illərdi uşaq futbolundadı, onun "Qəbələ"də qazandığı uğurları, gördüyü işləri çətin ki, hansısa məşqçi edə bilsin. Bəzən onun adına təəssüflənirdim ki, bölgədə gözdən-qulaqdan uzaq qalır. Mənə görə, uşaq futbolunda əjdaha məşqçilərdən biridir.
Emin Mustafayevi uzun illərdi tanıyıram, deyərdim ki, bir məşqçi öz üzərində ən qısa zamanda maksimum ən yüksək hansı nəticəni qazana bilərsə, Emin onu qazandı. Söhbət bir məşqçi kimi püxtələşməkdən gedir. Adam əjdahadı, dayanmadan öz üzərində işləyir, həddindən artıq zəhmətkeş, çalışqan biridir.
Mahmud Qurbanov yeganə məşqçidir ki, daha təcrübəli, yaşda daha böyükdür, amma Mahmudun adına da çox sevindim. Həqiqətən Mahmud Azərbaycan futbolunda iz qoyub, bu cür mütəxəssislərin işsiz qalması Azərbaycan futbolu üçün minus idi. Həm də bacarıqlı məşqçidir. Bu təyinat da alqışlanmalıdır.
Nəhayət Elgiz Kərəmli, həmçinin bacarığı, zəhməti ilə seçilən gənc məşqçilərimizdəndir. Məlumat üçün deyim ki, Elgiz Azərbaycan çempionatlarının ən sərrast bombardiri Nazim Əliyevin oğludur, Nazim müəllim mənim də məşqçim olub. Elgiz də futbolu bilir, bacarıqlıdır, böyük potensialı var.
Bir daha bütün məşqçilərimizə uğurlar arzulayıram, inşAllah ki, bizim ümidlərimizi, etibarımızı heç etməzlər.
Anar XANLAROV