AFFA Avro-2020-də azarkeşlərin stadiondan oyunu izləməsinə zəmanət verib. İlkin olaraq arenanın tutumunun 50 faizi həcmində azarkeş buraxılacağı açıqlanıb. Bu yaxınlarda isə məlum olub ki, hətta Bakı Olimpiya Stadionunun tutumunun 75 faizi qədər də azarkeşlər tribunaya buraxıla bilər. Çox yaxşı. Dövlətin dəstəyi və zəmanəti sayəsində AFFA UEFA yanında özünə müsbət imic qazandırır. Amma bu qərar ortaya yeni müzakirələri çıxardır.

 

Bildiyiniz kimi, pandemiya səbəbindən Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılmır. Nə vaxt da bu mövzudan söhbət açırsan, AFFA deyir ki, bizlik deyil, Operait Qərargah icazə verməlidir. Halbuki, federasiya hələ bu günə qədər bir dəfə də olsun bununla bağlı OQ-a müraciət etməyib. Etsəydi bəlkə də bu məsələ də həll olunardı. Onsuz da Azərbaycan çempionatının oyunlarına çox azarkeş gəlmir. Yəni stadionların qapılarını pulsuz-parasız taybatay açırsan, yenə gələn olmur. Belə olan halda arenalarının tutumunun ən azı 30 faizi həcmində azarkeşlərin girişinə icazə verilməsi mümkün və realdır. Amma nədənsə AFFA bu məsələni arxa plana atınb və söz də düşən kimi OQ-ı nişan verir. Amma indi vəziyyət dəyişib. Avro-2020-ə azarkeşlərlə bağlı təminat verən, eyni zamanda 68 minlik stadionun 50 faizinə qədər hissəsinə azarkeş buraxılmasına zəmanət verən AFFA daxili arenada da buna getməlidir. Daha doğrusu, getməyə məcburdu. Əks halda özü-özünü təkzib etmiş olacaq. Deyəcəklər ki, daxili çempionatına 100-200 azarkeş buraxılmasına risk eləmirsən, 1 ay sonra 30-40 min azarkeşin zəmanətini necə icra edəcəksən?

 

Yadıma lap məşhur “Uzaq sahillərdə” filmi düşdü. Yəqin ki, yadınızdadır, orada Karanti ilə Mehdi Hüseynzadəninalman zabiti Şultsun otağında təkbətək söhbəti var. Karanti “Mixaylo”nu hədələyir ki, sənin kimliyini almanlara deyəcəm. “Mixaylo” da deyir ki, sən bir dəfə başqa şəxsi “Mixaylo” adı ilə almanlara satıb xeyli pul aldın və ona görə də qarşındakının “Mixaylo” olduğunu danmağa məcbursan. Həqiqətən də pis yerdə ilişdiyini görən Karanti “Mixaylo”nin əsl kimliyini danmağa məcbur olur. İndi AFFA-nın da durumu həmin Karantinin durumuna bənzəyir. Avro-2020-də azarkeşlərlə bağlı problem yaşanmayacağına dair zəmanətin əsaslı olduğunu sübut etmək üçün daxili çempionata da az sayda azarkeş buraxmağa məcbursan. UEFA həqiqətən də görsün ki, doğurdan da Azərbaycana və AFFA-ya inanmaq olar. Daxili çempionatı qoyaq bir qırağa. Təklif edirəm ki, ölkə kubokunun finalına müəyyən sayda azarkeş buraxmaq olar. Bununla UEFA qarşısında öhdəlik dayanıqlığımızı da artırmış olarıq. Həm də Avro-2020-ni məhz azarkeşlə birlikdə qəbul etməyə hazır olduğumuzu də isbatlamış olarıq. İndi qalır AFFA-nın bununla bağlı Operativ Qərragaha müraciət edib icazə alması.