
AFFA II dəstə ideyasını niyə reallaşdırmır?
- 26 Mar 2022 15:00
- 730
Uzun müddətdir Azərbaycan futbolunda liqaların sayının artırılması müzakirə olunsa da, AFFA-dan bu yöndə əməli addımlar atılmır. Məsələn, ictimaiyyət dəfələrlə qonşu ölkələri misal çəkib, nümunə göstərib, deyək ki, kiçik Gürcüstanda 4 liqanın olmasını önə çəkib, amma təəssüf ki, bütün bunlar heç nəyi dəyişməyib. Bir ara II dəstənin yaradılması ideyası ortaya atılsa da, federasiya buna da getmədi və yekunda “Region Liqası”na üstünlük verdi. Görəsən, AFFA niyə yeni liqanı II dəstə kimi yox, məhz “Region Liqası” kimi təqdim etdi?
İş ondadır ki, II Dəstədə şərtlər daha ciddi olmalıdır. “Region Liqası” həvəskar status daşıyır. Müqavilə yox, maaş yox, transfer haqqı yox. Uzaq başı futbolçulara qələbəyə görə mükafat verirsən, bir də həftədə 1 dəfə məşq eliyirsən. Amma II Dəstə əksər ölkələrədə peşəkar səviyyədə liqa hesab olunur. Çünki bu dəstədə yarışan komandalar futbolçuları ilə müqavilələr bağlayır, transferlərdən gəlir götürür, transferlərəpul xərcləyir, gündəlik müntəzəm məşq keçir, təlim-məşq toplanışlarında olur, qaliblər I Diviziona vəsiqə qazanır və s. Bu isə o deməkdir ki, burada oynayan komandaların məsuliyyəti daha böyük olur. AFFA isə hər zamankı kimi, məsuliyyətli işlərin altından qaçır. “Region Liqası” həvəskar statusku “yolaverdi” çempionatdı gözdən pərdə asmaq üçün keçirirsən, sabah da söz düşəndə deyirsən ki, futbolda kütləvilik var, bölgələrdə komandalar var. Hansısa qeyri-peşəkarlığa görə də heç kim səni hüquqi baxımdan qınaya və ittiham edə bilməz. Belə olan təqdirdə, AFFA niyə özünə əlavə problemlər, tənqid kanalları yaratsın ki.?
ANAR