
AFFA-dan "İmişli"nin ianə kampaniyasına münasibət
- 13 Fev 2023 12:00
- 580
Xəbər verdiyimiz kimi, I Divizion təmsilçisi "İmişli" ianə kampaniyası keçirir və İmişlidən olan imkanlı şəxslərdən bu kampaniyaya qoşulmaq xahiş olunur. Bu isə müəyyən suallara yol açır. Çünki "İmişli" AFFA-dan maliyyələşir, komandanın bütün xərcləri federasiya tərəfindən qarşılanır. İanə isə o deməkdir ki, ya ayrılan vəsait xərcləri ödəmir, ya da, vəsaitin ayırılmasında problemlər var.
Rekord.az olaraq, məsələyə AFFA-nın da mövqeyini öyrənməyi lazım bildik.
Onların bu kampaniyadan xəbəri varmı, varsa, münasibətləri necədir. Sualımıza federasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla cavab verdi: "AFFA komandaya öz maliyyə yardımını edir, yəni biz tərəfdən maliyyələşmə dayandırılmayıb. Amma klub özü də əlavə vəsaitin cəlb olunması üçün müəyyən işlər görə bilər, bu, klubun daxili işidir. Yəni federasiya tərəfindən hansısa kampaniyanın keçirilməsi üçün komandaya qarşı heç bir məhdudiyyət yoxdur".