AFFA-dan “İmişli”nin akademiya məşqçiləri üçün maarifləndirici təlim
- 16:40
- 20
AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün növbəti maarifləndirici təlim təşkil olunub.
Rekord.az quruma istinadən xəbər verir ki, təlim ölkədə futbol akademiyalarının inkişafına dəstək göstərilməsi və vahid inkişaf yanaşmasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.
Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov iştirak ediblər.
Akademiya direktoru Rövşən Babayev, klubun icraçı direktoru Aqşin Mürsəlov, uşaq və gənclər üzrə bütün məşqçilər tədbirdə fəallıq nümayiş etdiriblər.
Təlim zamanı müasir futbol akademiyalarında oyunçu inkişafının əsas istiqamətləri müzakirə olunub. Sessiyalar çərçivəsində Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun seçilməsi, eləcə də dünya səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan əsas prinsiplər barədə ətraflı təqdimatlar keçirilib.
Bununla yanaşı, gənc futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişlərinin formalaşdırılması, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, həmçinin akademiyanın bütün yaş qruplarında vahid məşq və oyun terminologiyasının tətbiqinin əhəmiyyəti də iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim məşqçilərin peşəkar biliklərinin artırılmasına, vahid metodologiyanın tətbiqinə və oyunçuların uzunmüddətli inkişaf prosesinin daha səmərəli təşkilinə töhfə verməyi hədəfləyib.
AFFA-nın Futbolun İnkişafı Departamentinin ölkə üzrə futbol akademiyalarının inkişafına dəstək məqsədilə bu kimi maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyi bildirilib.