AFFA-dakı “dövlət sirri”
- 13:43
- 66
25 noyabr 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib – AFFA-nın rəsmi saytında İK-nin iclası ilə bağlı yayılmış məlumatın ilk cümləsi belə başlayır. Rəsmi sayta, eləcə də ölkəmizin idmandan yazan digər saytlarına göz atdım. Heç yerdə İcraiyyə Komitəsinin toplaşacağı və gündəlikdə filan-filan məsələlərin müzakirə olunacağı ilə bağlı xəbərə rast gəlmədim.
Adamda elə təəssürat yaranır ki, AFFA İcraiyyə Komitəsinin iclasları cənan Rövşən Nəcəfin boş vaxtlarına bağlıdı. Rövşən bəy hansısa bir iş gününün sonunda saatına baxır və görür ki, bir qədər boş vaxtı var. Dərhal da tapşırıq verir ki, İcraiyyə Komitəsinin üzvlərinə xəbər göndərsinlər, onlar da avtomobillərinə, o da olmasa, taksiyə minib özlərini SOCAR-ın inzibati binasına çatdırsınlar. Başqa variant ağlımıza gəlmir. Belə olmasaydı, iclasın günü və gündəliyi əvvəlcədən açıqlanardı. Müzakirə olunacaq məsələlərlə bağlı ictimaiyyət də məlumatlı olardı. Jurnalist həmkarlarım da iclasın keçiriləcəyi yerə getməyin əziyyətini çəkərdilər ki, Azərbaycan futbolu ilə maraqlanan, orda nəyin baş verdiyindən xəbər tutmağa çalışan həmvətənlərimizə vacib məlumatları çatdırsınlar.
Təsadüf bir dəfə olar, uzağı iki dəfə. Amma artıq neçənci dəfədir ki, AFFA İK-nin iclasları məhz bu cür formatda, aşkarlıq prinsiplərinin pozulmasıyla, özü də AFFA-nın gül kimi inzibati binası ola-ola, ordan kənarda keçirilir. Cəmiyyətin diqqətini çəkən daha bir məqam var. O məqam da ondan ibarətdi ki, AFFA İK-nin futbol adamı olan nadir üzvlərindən biri Qurban Qurbanov iclaslara qatıla bilmir. Bəli, məhz qatıla bilmir. Çünki İK-nin iclasları məhz onun komandasının vacib oyunlarından ya bir gün öncə keçirilir, ya da elə oyun günü. Necə ki, sonuncu iclasdan bir neçə saat sonra Qurban bəyin çalışdırdığı “Qarabağ” Neapolda vacib Çempion Liqası qarşılaşmasına çıxacaqdı. Belədə onun iclasa qatılması da mümkünsüz idi.
İnsafən, AFFA-nın fəaliyyətində son vaxtlar müəyyən müsbət meyllər müşahidə olunur. Onlardan biri Santuşdan canımızın qurtarması, millinin yerli mütəxəssis Ayxan Abbasova tapşırılması idisə, digəri Hakimlər Komitəsinə Ayxan bəy kimi gənc və yerli kadr olan Rəhim Həsənovun sədr təyin edilməsi oldu. Xəqani Məmmədov komitənin sonuncu azərbaycanlı sədri olmuşdu. Ondan üzübəri komitəyə avstriyalı, türkiyəli və belçikalı sədr rəhbərlik etmişdi. Nəhayət ki, AFFA yerli və gənc kadra işləmək imkanı yaratdı. Ümid edirəm ki, həm Abbasov, həm də Həsənov onlara göstərilən etimadı doğruldacaqlar. Bir günün içində inqilab etmək, futbolumuzu və hakimliyimizi zirvələrə qaldırmaq mümkün deyil. Ən azından inanacağıq ki, bu işlə məşğul olanlar yerli kadrlardır, onlar öz işlərini vicdanla görəcəklər.
Yavaş-yavaş bütün problemlərin arxada qalacağına inanmaq istəyirəm. Həqiqətən də yorulmuşuq. Qalır AFFA-nın ictimaiyyətə bir qədər açıq təşkilat olmasına. İK-nin iclaslarının əvvəlcədən gündəliyi və vaxtı açıqlanmaqla keçirilməsi vacibdir. O cümlədən də Ayxan Abbasovla bağlanan müqavilənin müddəti və qarşıya qoyulan hədəflərin açıqlanması. Bu işlərdə “dövlət sirri” yoxdur, nəyisə gizlətməyə çalışmayın.