
AFFA-da Elxan Məmmədov erası bitir: Mayın 1-dən Azərbaycanı tərk edir
- 20 Apr 2022 19:51
- 811
Mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinin icrasına başlayacaq Elxan Məmmədovun AFFA-dakı fəaliyyəti maraq doğurur.
Rekord.az xəbər verir ki, Məmmədov yeni işi ilə əlaqədar olaraq AFFA-dakı icraçı vitse-prezident postunu itirəcək.
AFFA-nın yaydığı rəsmi açıqlamada qeyd edilir ki, o, bundan sonra fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da qol.az-a açıqlamasında bunu təsdiqləyib. O, bildirib ki, Məmmədov daha icraçı vitse-prezident deyil, digər vitse-prezidentlər kimi fəaliyyətini ictimai əsaslarla davam etdirəcək. Onun əsas işi bundan sonra FİFA-da olacaq: "Tapşırılan işlərin icrası ilə İcraçı vitse-prezident məşğul olur. Amma Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olunduğuna görə ictimai əsaslarla AFFA-da vitse-prezident kimi fəaliyyətini davam etdirəcək. Necə ki, digər vitse-prezidentlər Elşad Nəsirov və Rauf Əliyev ictimai əsaslarla çalışır, Elxan Məmmədov da elə çalışacaq".
E.Məmmədov mayın 1-dən etibarən Azərbaycanı tərk edəcək və FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək.