ADAU ilə "Gəncə" klubu arasında memorandum imzalanıb
- 10:33
- 39
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qadın voleyboçulardan ibarət "Gəncə" klubunun rəhbərliyi ilə görüş keçirilib. "Rekord.az" xəbər verir ki, görüşdə tərəflər arasında memorandum da imzalanıb.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov tələbələrin hərtərəfli inkişafının universitetin prioritet istiqamətlərdən biri olduğunu bildirib, idmanın gənclərin sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
"Gəncə"nin prezidenti Elvar Osmanov isə bu əməkdaşlığın həm peşəkar idmançıların təhsil imkanlarının genişləndirilməsinə, həm də universitet tələbələrinin voleybola marağının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
Görüş çərçivəsində universitetlə klub arasında idman, təhsil və gənclərin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən tərəflər universitet tələbələrinin voleybola cəlb olunması, birgə idman tədbirləri, turnirlər, seminarlar və təlimlərin təşkili, sağlam həyat tərzinin təşviqi, həmçinin universitetin idman infrastrukturu ilə klubun peşəkar təcrübəsinin qarşılıqlı istifadəsi istiqamətində əməkdaşlıq edəcəklər. Memorandumda tələbə-idmançıların təcrübə və könüllülük proqramlarında iştirakının təmin olunması, klubun ev oyunlarında azarkeş dəstəyinin təşkili və birgə sosial layihələrin həyata keçirilməsi kimi məsələlər də yer alıb.
Daha sonra ADAU-nun idman infrastrukturuna birgə baxış keçirilib.