"Çelsi"nin sahibi Roman Abramoviç və Böyük Britaniya hökuməti klubun satışı üçün lazım olan bütün hüquqi proseslər barədə razılığa gəliblər.

Rekord.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Abramoviçin vəkilləri və hökumət klubun rusiyalı funksionerə olan 2 milyard avro borcu ilə bağlı da anlaşıblar. Abramoviç "Çelsi"ni satışa çıxardıqdan dərhal sonra borcunu silmək istəyirdi, lakin İngiltərə hökumətinin sanksiyaları dondurulmuş hesablar səbəbindən bu prosesi bloklamışdı.

"Çelsi"nin bir həftə əvvəl Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satılması üçün müqavilə imzalamasına baxmayaraq, yerli hökumətlə danışıqlar 2 milyard avroluq (1.6 milyard sterlinq) kreditin taleyi ilə bağlı danışıqlar dayanmışdı. Daha sonra Abramoviçin vəkilləri son iki həftə ərzində onun borcunu bağışlamaq vədindən geri çəkildiyini inkar edən iki bəyanat yayıb. Bununla belə, insayderlər pərdəarxası münasibətlərin daha da gərginləşdiyini bildirmişdilər.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da "Çelsi"nin sahibi Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.