"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev "Futbol plus" qəzetinə açıqlama verib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüb və Məmmədov ona bildirib ki, komanda Premyer Liqaya gələsi olsa, federasiya tərəfindən 500 min manat büdcə ayrılacaq. Nəzərə alsaq ki, komandaya əlavə sponsorluq edən yoxdur və yəqin ki, bu gedişlə də olmayacaq, deməli, Tovuz təmsilçisi elitaya buraxılsa 500 minlik büdcə ilə oynamalı olacaq. Bunun nə dərəcədə ciddi yanaşma olub-olmadığına özünüz qərar verin. Bu məbləğlə indiki halda ancaq I Divizionda oynamaq olar. Son zamanlar bütün sahələrdəki kəskin qiymət artımlarını, xərclərin iki dəfəyədək artmasını nəzərə alsaq, təkcə səfərlər zamanı yanacaqlara, otellərə, qidalanmalara, geyim dəstlərinə və s. xeyli vəsait lazım olacaq. Onu da nəzərə alaq ki, Premyer Liqada oynayacağın halda sənin nəzdində 10 yaş qrupunda komandaların olmalıdır. Hələ son zamanlar bura qadın komandasının da əlavə olunacağı gözlənilir. Bu 10 komandanın bütün səfər, geyim, inventar, tibbi, kominal və s. xərcləri hamısı 500 minin içində gedəcək. Hələ biz futbolçulara, məşqçi və texniki heyətə veriləcək maaşları demirik. Unutmayaq ki, elitada sən 500-600 manat maaş verə bilmərsən, normal futbolçu gətirmək üçün normal da maaş verməlisən. Təsadüfi deyil ki, AFFA-nın özünün yaratdığı futbolun inkişafına dəstək fondu da hazırladığı rolikdə Premyer Liqada çıxış etmək üçün hər kluba minimum 2 milyon manatlıq büdcə lazım olduğunu qeyd edib. AFFA-nın "Turan Tovuz"a vəd etdiyi məbləğ isə bundan 4 dəfə azdır. Bu büdcə ilə, bu pulla Premyer Liqada normal komanda qurmaq, normal futbol oynamaq nə dərəcədə realdı? Yoxsa AFFA "Turan Tovuz"u təcrübəsiz gənclərdən qurub Premyer Liqada qapazaltı eləmək məqsədi güdür? 500 minlik büdcə ilə sən çıxıb "Qarabağ", "Neftçi", "Sabah", "Zirə" kimi klublar önündə neyləyəcəksən? AFFA bölgə futbolunu bu məntiqlə inkişaf etdirmək istəyir? Əsas odur Tovuz komandasını elitaya gətirib ictimai qınaqdan qurtulum, həmin Tovuz komandası da elitada biabır olar-olmaz özü bilər? Başqa yanaşma ağlıma gəlmir. Pul yoxdursa, nə vacibdir bu cür gülünc formada say artırmaq? SOCAR-dan hər il o boyda pul ayrılır, həmin puldan "Turan Tovuz", eləcə də "Kəpəz", "Zaqatala" üçün daha böyük büdcə formalaşdırmaq olmaz? Necə olur, illərdi "Keşlə"yə 6 milyon büdcə ayıra bilirsiniz, "Turan Tovuz"a, "Kəpəz"ə 1.5 milyon büdcə ayırmaq olmur? İnanmıram axı bu, mümkün olmasın. Bunu bacarmırsınızsa, kənardan da sponsor cəlb edə bilmirsinizə, o zaman çəkilin kənara, bəlkə bacaranlar var, onlar gəlib bu ölkənin futboluna bir gün ağlasın.

 

Anar XANLAROV