2-ci tura baxış - şərh
- 12:56
- 40
Premyer Liqada 2-ci tur geridə qaldı. Öyrəndik ki...
- VAR-ımız bəzən yox kimi olur. "Turan"ın təmiz qolunun verilməməsinə izah tapmaq olmur. Klubun yaydığı görüntülərdən görünür ki, top qapı xəttini keçib və hakim mərkəzi göstərməliydi. Amma 1966-cı ildə Bəhramovun heç bir texnologiyasız gördüyü xətti və topu nə baş, nə yan, nə də ekran qarşısındakı hakim gördü. Texniki imkanlar zəifdirsə, gücləndirin, bir zəhmət. Onsuz da Premyer Liqa 3-5 stadionda oynanılır. Hər qapıya əlavə kamera qoymaq dünya qədər pul eləmir.
- Sxadadzedən soruşuruq, aydın bir cavb vermir. Ona görə siz də görəndə soruşun ki, ay müəllim, sən hansı futbolu oynadırsan, məqsədin-məramın nədir, nə eləmək istəyirsən? Yəqin özü də bilmir, yoxsa cavab verərdi.
- "Şəfa" ilk qələbəsi inamlı oyunla qazandı. Bərk deyillər, müdafiədə görüləcək işləri hələ çoxdur, amma liqada qalmaq üçün iddialarını bir matçla ortaya qoydular.
- "Zirə" və "Neftçi" (xüsusilə "ağ-qaralar" əladırlar, fırtına kimidirlər, izləmək böyük zövqdür) yarışa yaxşı başlayıblar. İkisi də mütləq qazanmalı olduqları 6 xalı aktivlərinə yazıb, bu gün üçün minimum və maksimum hədəfin öhdəsindən gəliblər. Qalır bu gedişatı davam etdirmək. Gələn tur öz aralarında oynayacaqlar. Maraqlı olacaq.
- 2 matç təxirə getmişdi deyə çempionluğa digər, əsas iddialıları iş başında görə bilmədik. Ümumən, belə bir hiss var ki, çempionatda ancaq güclülər və zəiflər var, ortabablar yoxa çıxıb. 4-5 komanda güclüdür, mükafatları bölüşdürəcək, qalanları isə ancaq liqada qalmağa çalışacaqlar. Ümid edək ki, yavaş-yavaş bu xoş olmayan durum dəyişəcək.
- Avqust bitir, dərd, məktəb, tıxac, sıxlıq, qarışıqlıq ayı başlayır. İmkan tapın, bir az istirahət edin, güc yığın, hazırlaşın.