
10 yox, 12 komandalı Premyer Liqa: "Qaradağ Lökbatan", "Kəpəz", "Turan Tovuz"...
- 15 Apr 2022 17:00
- 2016
Ötən gün sosial şəbəkdə "Qaradağ Lökbatan"la bağlı yazdığım status ətrafında maraqlı müzakirələr getdi. Böyük əksəriyyət, fikirlərimi dəstəklədi. Düzdür, bir neçə gəncəli və tovuzlu dostumuz narazı qaldı, bir növü "niyə "Qaradağ Lökbatan" söhbətini qabardıb AFFA-nın yadına daş salırsan, imkan ver, elitaya çıxaq da" formasında. Gözəl insanlar, narahat olmayın e, AFFA, Elxan Məmmədov mənim statusumla hərəkət etmiş olsaydı "Kəpəz" də, "Turan Tovuz" da çoxdan Premyer Liqada idi. Çünki illərdi bunu yazırıq, deyirik, Gəncə və Tovuz kəlməsi jurnalistlərin dilindən düşmür. Hətta buna görə digər bölgələrin azakeşləri də bəzən mediadan inciyir ki, niyə ancaq Gəncə və Tovuzun adını çəkirsiniz. VAllah kaş ki, Gəncənin və Tovuzun futbol veteranları da Gəncə və Tovuz futbolunu elə biz jurnalistlər qədər istəyəydi. Biz Gəncə və Tovuz futboluna olan ögey münasibətə görə AFFA ilə düşmən mövqeyində olduğumuz halda, bəzilərini çıxmaq şərti ilə həmin Gəncədən və Tovuzdan olan futbol veteranları ağızlarına su alıb susublar. Ki, birdən AFFA-nın xoşuna gəlməz, onlara iş verməz. Futbol veteranı olub ki, mənim yanımda bütün günü Elxanı söyürdü, amma Elxan Gəncəyə gedəndə qabağına yüyürüb ikiəlli görüşüb. Elxan Məmmədov Bakıya qayıdandan sonra elə-belə deməmişdi ki, mən Gəncədə olanda gözləyidim ki, Gəncənin futbol veteranları daha çox "Kəpəz"in elitaya qaytarılmasını xahiş edəcək, amma onlar ancaq iş xahiş edirdi.
Deməyim nədir? Təbii ki, biz də istəyirik ki, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Quba, Qusar, Yevax, İmişli, Qazax, Lənkəran, Masallı və s. hamısı böyük futbola qayıtsın. Bizə də "Qaradağ Lökbatan"dan çox bu bölgələr lazımdır. Sadəcə, Elxan Məmmədov yekə-yekə peşəkarlıqdan, idman prinsiplərindən danışdı, mən də ona cavab olaraq yazdım ki, belə peşəkarlıqdan danışırsansa, zəhmət çək, pul ayır, bu vəsiqəni qazanan "Qaradağ Lökbatan"ı gətir Premyer Liqaya. Peşəkarlıqdan danışırıqsa, haqqı olanın haqqını vermək lazımdır. Necə ki, vaxtı ilə bu haqqı "Turan Tovuz", "Neftçala" qazandığı halda onların haqqına girilmişdi. Bir dostumuz güman ki, mənim sumqayıtlı olduğuma eyham vurub "Sumqayıt"ı misal çəkib. Daha bilmir ki, bu gün Riad Rəfiyevin düşmən gözündə gördüyü bəlkə də yeganə jurnalist varsa, o da mənəm. Məhz "Sumqayıt"ı davamlı olaraq sərt tənqid etdiyim üçün. Əvvəl demişəm, yenə deyirəm, bəli, reqlamentə görə, əgər sonuncu pilləni tutan komanda elitanı tərk etməli idisə, "Sumqayıt" da illər öncə sonuncu pilləni tutduğu üçün elitnı tərk etməli idi. Etməyibsə, deməli qanunu tapdalayıblar. Əgər vaxtı ilə "Sumqayıt", yaxud da "Zirə", "Sabah" reqlamenti pozubsa, bu, o demək deyil ki, bundan sonra da kimsə kiminsə haqqına girməlidir. Təəssüf ki, bizdə mental olaraq rəhmətlik Məmməd Arazın dediyi kimi, "məndən ötdü, sənə dəydi" təfəkkürü hələ də qalmaqdadır.
Yekun olaraq nə təklif edərdim? Elxan Məmmədov deyir ki, qeyri-peşəkar yanaşsaq 5-6 komandanı da Premyer Liqaya gətirə bilərik. Sanki 14 ildir qeyri-peşəkar işləyən bunlar deyil. Cənab Məmmədov, istəsəniz çox rahat şəkildə növbəti mövsüm üçün Premyer Liqada komanda sayını 12-ə yüksəldə bilərsiniz. "Qaradağ Lökbatan" haqda yazdım. Vəsiqənin halal sahibi kimi, elitaya buraxıb hansısa bölgəyə göndərirsiniz. Eyni zamanda, "Kəpəz", "Turan Tovuz" və "Zaqatala"nı da elitaya gətirirsiniz. Açıq danışaq, onsuz da bu gün adları çəkilən heç bir komandanın sponsoru yoxdur və heç bir komanda qanuni şəkildə bank zəmanəti vermək istidarında deyil. Bunu etsə onsuz da AFFA edəcək. 4 komandanın elitaya gəlməsi üçün nə qədər vəsait lazımdır? Hər komanda üçün 1.5 milyon manat nəzərdə tutsaq, ümumilikdə 6 milyon manat. Verə bilməz AFFA bu məbləği? Dövlət illərdi futbolun inkişafı üçün milyonlarla vəsait ayırır. İndiyə kimi top çiləmə festivallarına, Berlindəki alman məktəbinə, onlarca lazımsız layihələrə, lazımsız-lazlmsız legionerlərə nə qədər pullar xərclənib? Dmitri Nazarov, Eddi İsrafilov, Renat Dadaşov kimi futbolçuları milliyə gətirmək üçün hərəsinə 1 milyon dollar ödəniş edilib. Yurçeviçlərə, de Byazilərə, Obradoviçlərə, Ştuxliklərə ödənilən milyonları demirik. Bu pulları bölgə komandalarına yönəldib elitya gətirmək olmaz? İllərdi SOCAR AFFA-ya illik 25 milyon manat büdcə ayırır. UEFA-dan, FİFA-dan gələn yardımları da bura əlavə etsək büdcə 30 milyonu keçir. 30 milyondan 5-6 milyon ayırıb diviziondan elitaya 4 komanda gətirmək olmaz? İstəsəniz hər şey mümündür...
Anar XANLAROV