"Sabah"ın məclisi
- 11:30
- 38
"Sabah"ın məclisi
"Sinoptiklərin verdiyi xəbərə görə sabah olmayacaq".
Mərhum reper Anar Nağılbazın məşhur əsəri bu cümlə ilə başlanırdı. Gözəl, amma qəmli mahnı idi.
Sabah olmayacaq...
Sinoptikləri proqnozunun düz olub-olmayacağını, ya sabahın olub-olmayacağını bilmirəm, amma "Sabah" olacaq.
Var artıq.
Var və o artıq Azərbaycan çempionudur. Qısa, cəmi 9 illik tarixində ilk dəfə!
"Sabah" bu gün, bu günün çempionudur!
Bu günə qədər bu ada layiq görülən klubların təmsil etdiyi ən kiçik ərazinin, yaşayış məntəqəsinin - Masazırın "Sabah"ı Azərbaycan çempionudur!
Masazır. Məskunlaşmanın "ən yeni forması"nın - hər metrdə ev tikib yaşamağın təşəkkül tapdığı qədim Bakı kəndi.
Əliağa Vahidin dünyaya gəldiyi məkan.
"Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir".
Avropanı, hətta dünyanı adından söz etməyə məcbur edən "Qarabağ" kimi nəhəngi üstələmək böyük şücaətdir. Bəli, rəqib yorğun idi, mövsümlük planı səhv idi, işlərin bu dərəcəyə gələcəyini hesablamamışdılar. Ancaq bu onların günahıdır və "şirin yaralı halı"ndan istifadə edib zirvəyə qalxmaq da xüsusi bacarıqdır.
"Sabah" bu mövsümün ən yaxşı, ən baxımlı futbol oynamış komandasıdır.
Ən çox qol vuran komandasıdır.
Ən az qol buraxan komandalarındandır.
Doğru transferlər edilib, heyətində çox səviyyəli futbolçular yer alıb və qısa müddətdə ictimaiyyətin rəğbətini qazanıb.
Təcrübəli, getdiyi hər yerdə bacarığını sübut etmiş, Azərbaycanda da bunu təsdiqləyən əla baş məşqçiləri var.
Əla komanda ilə yanaşı, doğru klub quruculuqları var.
Media və marketinq işi ölkənin ən yüksək səviyyəsindədir.
Yəni bu mövsüm Azərbaycan çempionu olmağa ən layiqli namizəd məhz "Sabah" idi və o da layiq olduğu yeri tutdu.
Zirvədəki yerini. Oradan isə yol ancaq yuxarıya, daha doğrusu, qərbə, Avropayadır. Bizə bu komandanı, klubu təbrik etmək, uğurlar arzulamaq, bu səfərində dəstək olmaq qalır.
Qarşıdakı azı 1 il ərzində ölkəmizin futbol şahı "Sabah" FK-dır. Futbol məclisimizin başında məhz o var.
Məclis demişkən, Vahiddən son bir bəndlə yazını bitirək:
"Hər kəsin öz nəfəsi, öz səsi var,
Hər quşun nəğməsi var, ləhçəsi var.
Adəm o kəsdir ki, bir kimsəsi var.
Vahid hər kimsəsizin bir kəsidir,
Biz kimik, məclis onun məclisidir".
"Biz kimik, məclis onun məclisidir".
"Sabah"ın məclisi mübarək!