Hakimlər üçün seminar keçirilib
- 21 Okt 2024 14:14
- 252
Azərbaycan Voleybol Federasiyası 2024-2025-ci illər mövsümündə ölkəmizdə keçiriləcək yarışlarda iştirak edəcək hakimlər üçün seminar təşkil edib. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində baş tutan seminara paytaxt və bölgələrdən ümumilikdə 40-a yaxın hakim qatılıb.
Seminar AVF-nin Hakimlər Komissiyasının sədri beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədrin müavini beynəlxalq dərəcəli hakim Zaur Hacıyev tərəfindən keçirilib. Mütəxəssislər seminar iştirakçılarına yeni mövsümdə baş tutacaq yarışlar, voleybolda tətbiq edilən yeni qaydalar, həmçinin çelenc sistemi haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.
Seminarın sonunda hakimlər test imtahanında iştirak ediblər. Komissiya hakimlərin təyinatını testin nəticələrinə uyğun olaraq həyata keçirəcək. Ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-nin Hakimlər Komissiyası tərəfindən təyin olunur.
Qeyd edək ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.